Kinorejissor Oktay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zirvəsidir” adlı tədbir
Oktyabrın 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış kinorejissor Oktay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zirvəsidir” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimai Etimad Şurasının sədri Aydın Mirzəzadə, Yasamal rayon İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin muzeylər üzrə Mədəniyyət siyasəti sektorunun aparıcı məsləhətçisi Tomris Hacıyeva,Əməkdar incəsənət xadimi,Prezident təqaüdçüsü, jurnalist, kino tənqidçi Aydın Kazımzadə, Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək təşkilatının prezidenti Tofiq Əlizadə,“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri İradə Yaqubova və qeyri hökümət təşkilat nümayəndələri iştirak etdilər.
İlk öncə qonaqlar Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, ümummilli liderin əziz xatirəsini yad etdilər.
Lətifə Məmmədova tədbiri giriş sözü ilə açaraq, xalq artisti, kinorejissor Oktay Mirqasımovun həyat və fəaliyyətindən, onun rejissor sənətinə gəlişinə qədər keçdiyi mürəkkəb sənət yolundan danışdı.
Sonra “Oktay Mir-Qasım-75” adlı virtual foto- albomun, “Ovsunçu”, “Qisas almadan ölmə”, “1001 qastrol”, “Qara Qarayev” filmlərindən fraqmentlər nümayiş olundu.
Digər çıxışçılar öz çıxışlarında qeyd etdilər ki, yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino sənəti yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir və bu sənətin Azərbaycan kinosu üçün ən görkəmli simalarından biri olan Oktay Mirqasımovun Azərbaycan kino sənətinə verdiyi xidmətlərdən və çəkdiyi müxtəlif sferalı filmlərdən danışdılar.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun “1001 qastrol” sənədli filmində səslənən Rəşid Behbudovun “Ey, Vətən” mahnısının canlı ifası ilə bitdi.