Yasamal rayon İcra Hakimiyyətinin rayonun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir
Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov rayonun 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdi ki, 2018-ci ilin doqquz ayında Yasamal rayonunun iqtisadi göstəricilərində artım qeydə alınmış, rayon sakinlərinin sosial problemlərinin həlli istiqamətində səmərəli və təsirli tədbirlər davam etdirilmişdir. Bu dövrdə sənaye məhsulunun həcmi 293 566 300 manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 109 815 000 manat, rabitə xidmətlərinin həcmi 505 096 000 manat, ümumi investisiyadan tikinti-quraşdırma işlərinə xərclənən vəsait 101 531 000 manat, əsas kapitala yönəldilən investisiyanin həcmi 202 049 000 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 232 133 000 manat olmuşdur. Podratçı müəssisələr tərəfindən 515 108 000 manat həcmində işlər icra olunmuş, 3 082 000 manat əsaslı təmir işləri, 6 477 000 manat cari təmir işləri aparılmışdir. Ticarət müəssisələrinə 318 700 000 manat həcmində sənaye məhsulu göndərilmlş, anbarlarda qalan məhsulun həcmi 4 233 000 manata, iaşə müəssisələrinin dövriyyəsi 57 408 000 manata bərabər olmuşdur. Sənaye müəssisələrində işləyənlərin sayı 7 862 nəfərə çatmışdır, rayon üzrə orta əmək haqqı 684,2 manata bərabər olmuşdur.
Doqquz ayda “Ərazi Məşğulluq Proqramı”na əsasən Yasamal rayon Məşğulluq Mərkəzinə müraciət edən 1112 nəfər daimi işlə təmin edilmişdir. 104 nəfərə işsizlik statusu verilərək onlara işsizlik müavinəti ödənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq cari ilin əvvəlindən başlayaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlərin daha böyük həcmdə və daha geniş surətdə həyata keçirilməsinə başlanmışdır. H.Zərdabi 68, A.M.Şərifzadə 134, 148, 154 və 156, 192, T.Şahbazi 104 və 104 A, Əsəd Əhmədov 3 və 5, Yeni Yasamal-1, 7 və 8, Talıblı 28, M.Rahim 20, H.Cavid prospekti 503/505, 518 və Z.Xəlilov 577-ci məhəllələrdə, Tbilisi prospekti 41 nömrəli evlərin ətrafında - 18 məhəllədə abad həyətin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilmişdir.
Abad məhəllələrdə ümumilikdə 63 qeyri-qanuni qaraj və digər tikililər sökülmüş, 2180 kv.m özbaşına zəbt edilmiş torpaq sahələri ətrafındakı hasar və çəpərlər ləğv edilımiş, abadlıq və quruculuq işlərinə 5361 paqonmetr bardür, 1570 kv.m üzlük daş, 3500 kv.m tamet və metlax, 6500 kv.m aqlay üzlük vurulmuş, 1230 kv.m hörgü, suvaq və boya işləri icra olunmuş, 80 ədəd işıq dirəyi yenisi ilə dəyişdirilmiş, 160 ədəd oturacaq, 96 ədəd idman və uşaq əyləncə qurğuları quraşdırılmış, 7 mini futbol meydançası inşa olunmuş, 8620 kv.m yaşıllıq sahəsi salınmış və 38000 kv.m asfalt örtüyü vurulmuşdur. Abad məhəllələrdə işıqlandırma və suvarma sistemləri quraşdırılmışdır.
Rayonun mənzil fondunun qorunub-saxlanılması istiqamətində işlər davam etdirilmiş, 31 yaşayış binasında 8610 kv.m müxtəlif materiallardan olan dam örtüyü təmir edilmiş, 26 yaşayış binasının aşağı paylayıcı istilik xətlərində cari təmir işləri aparılmışdır. Məişət tullantılarının Balaxanı Poliqonuna daşınaraq rayon ərazisində sanitar, gigiyena-epidemioloji normaların tələblərinə riayət olunması təmin edilmişdir. Bu məqsədlə 350 ədəd konteyner rənglənmiş, 170 ədəd tutumu 1 kubmetr olan yeni konteyner alınaraq rayon ərazisində yerləşdirilmişdir.
Ə.Əhmədov küçəsinin yenidən qurulması, M.Xiyabani, D.Bünyadzadə və Murad Mirzəyev küçələrinin asfaltlanması və səkilərin bərpası, Ş.Mehdiyev küçəsinin bir hissəsinin əsaslı təmiri və digər hissəsinin asfaltlanması işləri görülmüşdür və bu istiqamətdə işlər hal-hazırda davam etdirilir. Adı çəkilən küçələrin ətrafındakı yaşayış binalarının fasadları müasir üslubda yenidən qurulmuşdur. Yasamal rayon İcra hakimiyyətinin başçısı qeyd etdi ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09 iyul 2018-ci il tarixli Sərəncamı ilə vaxtilə “A” keçidi adlanan küçə Aprel şəhidi “Murad Mirzəyev küçəsi” adlandırılaraq Azərbaycan Respublikasının Milli Qəhrəmanının əziz xatirəsi əbədiləşdirilmişdir.
Xarici Dairəvi yoldan başlayaraq “MİDA” MMC-nin ərazisindən keçərək A.M.Şərifzadə küçəsinə çıxışı təmin edəcək N.Hikmət küçəsinin davamı layihəsinin icrasına başlanmışdır.
Yeni Yasamal yaşayış massivində yerləşən, baxımsız vəziyyətdə qalmış istirahət parkının əsaslı şəkildə yenidən qurulması işləri başa çatdırılmışdır. Layihəyə əsasən 1,7 ha ərazidə abadlıq işləri aparılmış, o cümlədən 9000 kv.m sahədə yaşıllıqlar salınmış və çəmən əkilmişdir. Mərmər bardürlərin ümumi uzunluğu 2618 metrdir. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılmış, gəzinti meydançalarına 5000 kv.m tamet plitə döşənmiş, 1000 kv.m asfalt örtüyü vurulmuş, 60 ədəd müasir işıqlandırma dirəyi, 80 ədəd oturacaq quraşdırılmış, tullantılar üçün 20 ədəd dekorativ qutular qoyulmuşdur. Parkın mühafizəsini təşkil etmək üçün ərazi dekorativ hasara alınmışdır. Parkda istirahət edənlərə xidmət üçün sərinləşdirici içki kafeləri qurulmuş, ərazidə sanitar qovşağı tikilmiş, müasir avtodayanacaq yeri hazırlanmışdır. 7 ədəd idman, 10 ədəd uşaq əyləncə elementi quraşdırılmışdır. Ahıl sakinlərin istirahəti üçün sakit zonalar, xeyli dekorativ ağac, kol və gül bitkilərindən ibarət müasir yaşıllıq və gül kompozisiyaları yaradılmışdır. Parkın ətrafındakı çoxmərtəbəli binalarda abadlıq işləri başa çatdırılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı işlər davam edir.
“Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 2 yaşayış binası - may ayının 7-də A.M.Şərifzadə küçəsində 86 nömrəli, iyunun 15-də A.Abbasov küçəsi 3 nömrəli binalar sakinlərin istifadəsinə verilmiş, yaxın günlərdə “Kristal-Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən A.M.Şərifzadə küçəsi 122 nömrəli ev sakinlərin istifadəsinə veriləcəkdir.
Hal-hazırda “Pilot” layihə çərçivəsində tikinti şirkətlərinin yeni təkliflərinə baxılır və müzakirələr aparılır. “Kristal-Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən A.M.Şərifzadə küçəsi 104 və 110 nömrəli, “SR CONSTRUCTİON CO” MMC tərəfindən M.Muxtarov, İ.Əbilov, C.Cabbarlı, B.Məcidov küçələrinin əhatə etdiyi ərazidə təqdim olunmuş layihələr artıq razılaşdırılmışdır və layihələndirmə işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrası Yasamal rayon İcra Hakimiyyəti tərəfindən uğurla davam etdirilir. Bu mərhələdə köçürülməsi nəzərdə tutulan 2010 yaşayış və qeyri-yaşayış obyektlərindən 1027 ünvanda daşınmaz əmlak sahibləri ilə razılaşma əldə edilmiş və müvafiq sənədləşmə əməliyyatları həyata keçirilərək alqı-satqıya təqdim olunmuşdur. Razılaşma əldə olunması mümkün olmayan 96 nəfər daşınmaz əmlak sahiblərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, lakin sonradan 24 əmlak sahibi ilə razılıq əldə olunduğu üçün iddia tələbləri geri götürülmüşdür. Məhkəmə tərəfindən 16 nəfər əmlak sahibinə qarşı iddia tələbi təmin olunmuşdur, 56 ünvanla bağlı məhkəmə prosesləri davam etdirilir. 160 ünvanda tikililər sökülərək ərazi təmizlənmiş, 496 ünvanda boşaldılmış tikililər qismən sökülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissısində tikinti işləri davam etdirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində hal-hazırda ən aktual məsələlərdən biri olan körpələr evi-uşaq bağçalarındakı sıxlığın aradan qaldırılması istiqamətində işlərə başlanılmışdır. Yasamal rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə T.Şahbazi küçəsi, 583-cü məhəllədə yerləşən 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçası bu günün tələblərinə cavab vermədiyindən sökülərək yerində ən müasir tələblərə uyğun olan 200 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri aparılır. Körpələr evi-uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcəkdir. Bundan başqa, “Pilot layihə” çərçivəsində inşa olunan binalarda yeni yaradılacaq uşaq bağçalarının fəaliyyəti nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həllinə dair tapşırıqları və bu sahədə yaranmış problemlərin həlli daim rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
Yasamal rayon İcra Hakimiyyəti Başçısının 5 sentyabr 2018-ci il tarixli 228 nömrəli Sərəncamına əsasən payız-qış mövsümündə əhalinin kommunal, məişət və digər xidmətlərə tələbatının operativ ödənilməsi məqsədilə rayon İcra Hakimiyyəti Başçısını yanında Qərargahın tərkibi və Tədbirlər Planı təsdiq edilmişdir.
Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi, Yasamal rayon Su-kanal İdarəsi və Qaz Təsərrüfatı Müəssisəsi tərəfindən əhalinin tələbatı əsasən təmin olunur.
Lakin “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən əhalinin, hüquqi və fiziki şəxslərin istiliklə təchizatı sahəsində bir sıra tədbirlər həyata keçirilməsinə baxmayaraq 141 yaşayış binası istiliklə təmin olunmur. Bu istiqamətdə işlərin sürətləndirilməsi məqsədilə tərəfimizdən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciət olunmuşdur, lakin təəssüflə qeyd olunmalıdır ki, bu ağrılı məsələ hələ də öz müsbət həllini tapmamışdır.
Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 11 noyabr 2016-cı il tarixli 2432 nömrəli Sərəncamının icrası ilə əlaqədar D.Bünyadzadə küçəsi boyunca 2000 m-ə yaxın kanalizasiya kollektorunun tikinti işləri yekunlaşmış, Ş.Mehdiyev küçəsində kanalizasiya-su şəbəkəsi və küçə əsaslı təmir olunmuşdur. M.Xiyabani, D.Bünyadzadə, M.Mirzəyev və Yeni Yasamal yaşayış massivinin digər bütün küçələrdə yenidənqurma və asfaltlaşdırma işləri aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci il martın 15-dən 18-dək «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.
Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xidmət edən rayonun Heydər Əliyev Mərkəzinə kollec tələbələrinin və tam orta məktəb şagirdlərinin kütləvi ekskursiyaları davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il də rayonun səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi tədbirləri yüksək keyfiyyətlə başa çatdırılmışdır.
2018-ci ilin doqquz ayında rayon İcra Hakimiyyəti Başçısının aparatına vətəndaşlardan 2422, 2017-ci ilin müvafiq dövründə 2503 müraciət daxil olmuşdur. Cari ildə yuxarı dövlət və mərkəzi icra hakimiyyəti orqanlarından 1489, 2017-ci ilin müvafiq dövründə 1426 müraciət daxil olmuşdur. Lakin 2017-ci ildə nəzarətlə 111 müraciət göndərildiyi halda bu il nəzarətlə göndərilən müraciətlərin sayı 86 olmuşdur ki, hesab edirəm, bunu yuxarı dövlət və mərkəzi icra hakimiyyəti orqanlarının Yasamal rayon İcra Hakimiyyətinə etimadının artmasının göstəricisi kimi qiymətləndirmək olar. O cümlədən, nəzərə alınmalıdır ki, yuxarı dövlət orqanlarından, həmçinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan müraciətlər əsasən mənzil və tikinti məsələləri, fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsinin ayrılması, maddi yardım və Bakı şəhərinin Baş Planına əsasən torpaqların dövlət ehtiyacları üçün alınması məsələləri ilə əlaqədardır. Doqquz ayda daxil olmuş müraciətlərin böyük əksəriyyətinə 15 iş günü, əlavə araşdırma və yoxlama tələb edən müraciətlərə isə 30 iş günü müddətində baxılması əsasən təmin edilmişdir. Rayon İcra Hakimiyyətinin elektron ünvanı və saytının fasiləsiz rejimdə fəaliyyəti təmin olunmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısının cari ilin doqquz ayında 32 səyyar qəbulu keçirilmişdir, bu qəbullarda 4500 nəfərdən çox rayon sakini iştirak etmişdir, müxtəlif məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciətlərin əksəriyyəti öz müsbət həllini tapmışdır.
Göründüyü kimi, qısa müddət ərzində rayonumuzda sakinlərin bir sıra sosial problemlərinin həllinə, rayonun abadlaşmasına yönəlmiş xeyli iş görülmüşdür və bu işlər ardıcıl və məqsədyönlü surətdə davam etdirilir.
Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qurumları qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur, o cümlədən qanunsuz tikililərə qarşı mübarizə ilə bağlı xüsusi göstərişlər vermişdir. Ona görə də rayon İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar tərəfindən bu sahəyə nəzarət gücləndirilməli, qeyri-qanuni tikililərə istisnasız olaraq yol verilməməlidir.
Rayon İcra hakimiyyətinin başçısı, həmçinin, qeyd etmişdir ki, bu ilin doqquz ayında istər respublikamızda, istərsə də paytaxt Bakıda, o cümlədən də rayonumuzda çox böyük sosial və ictimai-siyasi xarakterli tədbirlər həyata keçirilmişdir və bu işlərin böyük bir qismi hal-hazırda davam etdirilir. Artıq payız-qış mövsümünün başlamasına baxmayaraq rayonumuzda həyata keçirilən işlər ardıcıl olaraq davam etdirilməli, bu mövsümdə rayon sakinlərinin qarşılaşdıqları hər bir məsələ operativ surətdə və yüksək keyfiyyətlə öz müsbət həllini tapmalıdır.
İclasın sonunda Rayon İcra hakimiyyətinin başçısı bildirmişdir ki, həmişə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıda müəyyən olunmuş bütün vəzifələrin öhdəsindən layiqincə, vaxtında və yüksək keyfiyyətlə gəlməyə çalışacaq və Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının, Sərəncamlarının, digər göstəriş və tapşırıqlarının tələblərindən irəli gələn öhdəliklərin vaxtında və tam həcmdə icrası təmin ediləcəkdir.