Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak etmişdir

13 noyabr 2012 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılmış şəraitlə tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, 300 minədək əhaliyə xidmət göstərən Yasamal Rayon Məhkəməsində ildə 13 minə yaxın mülki, cinayət, inzibati xəta və prosessual məcburiyyət tədbirləri barədə işlərə baxılır.
Məlumat verildi ki, Yasamal Rayon Məhkəməsinin yeni binası da “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində tikilmişdir. Ümumi sahəsi 7 min 672 kvadratmetr olan dördmərtəbəli binanın inşasına 2010-cu ilin martında başlanılmışdır. Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Binada daimi fəaliyyət göstərən iki qurum – rayon məhkəməsi və icra şöbəsi yerləşir.
Binadakı məhkəmə zallarından biri ilə tanışlıq zamanı məlumat verildi ki, burada əsasən cinayət, zəruri hallarda digər işlərə də baxılır. Zalın qarşısında məhkəmə prosesinin iştirakçıları üçün hər cür şərait yaradılmışdır. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılmışdır. İnformasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə bənzəri olmayan bu məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli İP təhlükəsizlik kameraları istifadəyə verilmişdir. Təqsirləndirilən şəxslər zalda dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da vardır. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılmış və avadanlıq quraşdırılmışdır.
Prezident İlham Əliyev binanın ikinci mərtəbəsində mülki məhkəmə zalı ilə də tanış oldu. Məlumat verildi ki, inzibati zonada hakimlər və məhkəmə aparatı işçiləri üçün əlverişli şərait yaradılmışdır.
Dördüncü mərtəbədə yerləşən konfrans zalı ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılmışdır. Həmçinin, məhkəmə sədrinin otağında quraşdırılmış və ölkəmizdə ilk dəfə tətbiq edilən “Bloostar” adlı video-konfrans telefon sistemi vasitəsilə 6 qurum rəhbəri ilə eyni vaxtda video-müzakirələr aparmaq mümkündür.
Dövlət başçısı Yasamal Rayon Məhkəməsinin yeni binasında yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
 

Keçidlər