Şriftin ölçüsü :

Saytın rəngi :

Nurlu sabahın elçiləri

05 oktyabr 2018 | 11:00

Oktyabrın 5-də ölkəmizdəki məktəblərin, uşaq bağçalarının, ali və texniki peşə məktəblərinin 150 mindən çox müəllimi professional bayramı – Müəllimlər Gününü qeyd edir. Müəllim Günü hər il 100-dən çox ölkədə qeyd olunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 5 oktyabr- Müəllim gününə həsr olunmuş tədbir keçirildi.

Tədbiri kollecin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq bu özəl gün münasibətilə müəllimləri səmimi qəlbdən təbrik etdi, onlara bu şərəfli və çətin peşədə uğurlar arzuladı. Müəllimlər gününün YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunduğunu vurğuladı. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Hər il ənənəvi şəkildə qeyd edilən müəllim günü təqvimdə rəsmi bayram günü kimi qeyd edilməsədə, müəllim ordusu üçün bu gün elə əsl bayramdır. Bu bayram bu gündə var, sabahda olacaq. Çünki Azərbaycan  cəmiyyətində müəllim peşəsi həmişə hörmətli peşələrdən biri olmuşdur.

Tədbirdə ADPU-nun rektoru, professor, tarix elmləri doktoru Cəfər Cəfərov, Milli Məclisin deputatı Fazil Qəhrəmanoğlu, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, təhsil ekspertləri çıxış etdilər.Vurğuladılar ki, “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini, öz ümidini, öz gələcəyi olan uşaqları müəllimə etibar edir.

Çıxışlardan sonra kollecin həyatında fəal iştirak edən müəllimlər fəxri fərmanlarla təltif olundular.

Tədbirin bədii hissəsində kollecin tələbələri mahnı və rəqs çıxışları ilə müəllimlərinə böyük hörmət və ehtiramlarını nümayiş etdirdilər.

Keçidlər