Murtuz Ələsgərovun 90 illiyi ilə bağlı elmi konfrans keçirildi
Bakı Dövlət Universitetində Milli Məclisin, Yeni Azərbaycan Partiyasının və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, tanınmış ictimai-siyasi xadim, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə beynəlxalq elmi konfrans keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda görkəmli dövlət xadiminin məzarını ziyarət edib, önünə əklil qoydular. Konfransdan əvvəl BDU-nun hüquq fakültəsində Murtuz Ələsgərovun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefin açılışı oldu.
Elmi konfransda professor Murtuz Ələsgərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli professorun hüquq elmi sahəsindəki əvəzolunmaz xidmətlərindən danışdı.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov görkəmli dövlət xadimi Murtuz Ələsgərovun böyük və şərəfli ömür yolu keçdiyini qeyd edib, onun Azərbaycan xalqının görkəmli ziyalılarının parlaq nümunəsi olduğunu bildirib.
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış etdi. O, bildirdi ki,1990-cı illərin əvvəllərində Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün o vaxtki hakimiyyət əlindən gələni edirdi. Məhz belə bir vaxtda Murtuz Ələsgərov ümummilli lideri müdafiə edib."Həmin dövrdə Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısını almaq üçün ortaya atılan yaş senzi məsələsinə ilk etiraz edənlərdən biri də Murtuz Ələsgərov olub. Murtuz Ələsgərova təzyiq olurdu, amma o, sarsılmadı, geri çəkilmədi, mübarizəsini davam etdirdi”.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov bildirdi ki, görkəmli dövlət xadimi Murtuz Ələsgərov ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılanda həmin ədalətsiz qərara qarşı mübarizə aparanlara dəstək verib, ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoyub.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə söylədi ki, görkəmli ictimai-siyasi xadim Murtuz Ələsgərov respublikanın praktiki hüquq orqanları ilə daim sıx əlaqə saxlayıb, qanun və digər hüquqi sənədlərin layihələrinin hazırlanmasında onlara yaxından kömək edib.
Konfransda Rusiya Federasiyasının Əməkdar hüquqşünası, professor Revol Valayev, Moskva Dövlət Universitetinin prorektoru, professor İqor Barisoviç, Ukrayna Respublikasından professor Leonid Timçenkonın nitqindən sonra tədbir Murtuz Ələsgərov adına adlı təqaüdçü, Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Əkbər Əliyevin çıxışı ilə yekunlaşdı.