Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Şəmşirin 125 illiyinə həsr olunmuş tədbir keçirildi

12 sentyabr 2018 | 11:00

Sentyabrın 12-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, şöhrət ordenli ustad aşıq Dədə Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş " Saz aşiqi " adlı tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi M.Ş.Vazeh adına kitabxananın direktoru Lətifə Məmmədova, Aşıq Şəmşir Mədəniyyət ocağının sədr müavini Həbib Misirov, Aşıq Ədalət Dəlidağlı, Aşıq Əli Pənahoğlu, qələm və söz ustadları, ziyalılar, məktəblilər və Şəmşirsevərlər iştirak etdi.

Əvvəlcə Aşığın lent yazıları və videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə açan Təravət Muradova Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını diqqətə çatdırdı.Ustadın Azərbaycan aşıq sənətinə, poeziyasına, mədəniyyətinə verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi.

Dədə Şəmşirin və onun yaradıcılığı haqqında geniş məlumat verən Həbib Misirov Dədə Şəmşirin şeirlərindən ibarət aşıq havalarının sənət adamları tərəfindən ifa edildiyini, dövlətin və Prezident Ilham Əliyevin Dədə Şəmşir sənətinə yüksək qiymət verdiyini vurğuladı.

Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməsləri ilə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyərək bir sənətkar kimi öz məktəbini yaratdığını bildirən Lətifə Məmmədova ustadın 40-dan artıq şəyirdi olduğunu diqqətə çatdırdı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz nümayəndələrinin yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olduğunu bildirdi.

Tədbirdə Aşıq Ədalətin və Aşıq Əli Pənahlının sazlı-sözlü çıxışları dinlənildi.

Keçidlər