Yasamal rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov “Sovetski” sakinləri ilə görüşüb
Sentyabrın 6-da 3 nömrəli sahə inzibati ərazi dairəsi F.İbrahimbəyov küçəsi 17, 31 saylı məktəbin həyətində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Görüşdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açdı və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət sahəsində gördüyü işlərlə bağlı rayon sakinlərinə ətraflı məlumat verdi.
İcra başçısı, öz çıxışında “Sovetski”nin köçürülməsinin əhəmiyyətindən danışaraq, bu layihənin yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlət başçısının təşəbbüsü ilə öz həllini tapdığını bildirdi. Həmçinin Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alındığını qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hal-hazırda söküntü işlərinin II mərhələsində dövlət əhəmiyyətli komunikasiya xətlərinin çəkilməsi məqsədi ilə Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə isə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün söküntüsü nəzərdə tutulduğunu sakinlərin diqqətinə çatdırdı. Hal-hazırda söküntü ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində görülən işlər uğurla həyata keçirilir.
Sonra “Sovetski” sakini, Dini qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran çıxış edərək sakinlər adından ərazidə aparılan abadlıq və yenidənqurma işlərinə görə dövlət başçısına öz minnətdarlığını bildirdi. O, qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində ölkəmizdə tolerant və multikultural mühit formalaşıb və Azərbaycan bütün dünyada müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.
Sakinlər tərəfindən verilən sualları ətraflı cavablandıran icra başçısı Əziz Əzizov ölkə Prezidenti İlham Əliyevin “Sovetski” ərazisində yaşayan sakinlərə göstərdiyi diqqət və qayğıdan danışaraq aparılan yenidənqurma işlərinin bunun bariz nümunəsi olduğunu vurğuladı.
Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.