Yasamal rayonunda Müharibə və Əmək Veteranları Təşkilatının XIII hesabat seçki konfransı keçirilmişdir
Yasamal rayon İcra Hakimiyyətinin iclas zalında 02 noyabr 2012-ci il tarixdə Yasamal rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranlar təşkilatının 2010-cu ilin sentyabr ayından - 2012-ci ilin oktyabr ayına kimi gördüyü işlər haqqında XIII hesabat seçki konfransı keçirilmişdir.
Konfransda rayon veteranlar təşkilatinin sədri Almaz Qasımovanın hesabatı dinlənilmişdir. Konfransda BDU-nun ilk veteranlar təşkilatının sədri, BVM veteranı, professor Abuzər Xələfov, 158 saylı məktəbin müəlliməsi, şəhid anası, əmək veteranı Xanım Bünyadzadə, BVM iştirakçısı Həzi Məmmədov, AzTU ilk veteranlar təşkilatının sədri, professor Şikar Qasımov, Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev və Respublika Veteranlar Şurasının sədr müavini Surxay Tağızadə çıxış etdilər.
Konfransda rayon təşkilatının yeni tərkibi seçildi. Almaz Əliməmməd qızı Qasımova yenidən Yasamal rayon Müharibə və Əmək Veteranları Təşkilatının sədri seçilmişdir.
Konfransda Bakı Şəhər Veteranlar Təşkilatının növbəti konfransına və Respublika Veteranlar Təşkilatının növbəti Qurultayına nümayəndələr seçildi. Konfransın işində Respublika Veteranlar Şurasının sədri Əlövsət Baxışov və 150 nəfər konfrans nümayəndəsi iştirak etmişdir.
Konfransda qeyd olunmuşdur ki, veteranlar təşkilatının rəyasət heyəti, daimi komissiyayaları və ilk təşkilatları hesabat dövründə prezident İlham Əliyevin siyasi xəttinin həyata keçirilməsində, veteranların maddi, mənəvi və hüquqi mənafelərinin müdafiəsində, veteranların vətənpərvərlik tərbiyəsinə səfərbər edilməsində, təşkilatı-metodiki işlərin təşkilində səmərəli plan, proqramlar və tədbirlər həyata keçirmişlər. Hesabat dövründə veteran təşkilatı təkmiləşərək möhkəm, ictimai, sağlam hərəkata çevrilmişdir.