Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Biznes Universitetində Məzun günündə əmək yarmarkası keçirildi

29 iyun 2018 | 11:00

“Məzun–2018” buraxılış günü çərçivəsində Bakı Biznes Universitetində işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil olundu. Tələbə və məzunlar Dövlət Məşğulluq Xidməti tərəfindən təqdim olunan iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim etdilər.

Dövlət Məşğulluq Xidmətinin, Yasamal rayon İcra Hakimiyyətinin və Bakı Biznes Universitetinin rəhbərliyi əmək yarmarkası ilə tanış olub, bu cür fəal məşğulluq tədbirləri ilə bağlı tələbə və məzunların rəylərini, təkliflərini öyrəndilər. Diqqətə çatdırıldı ki, yarmarkada Bakı şəhərinin rayonlarının məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 70-dək müəssisə iştirak edir. Onlardan 39-u qeyri-dövlət, digərləri isə dövlət müəssisələridir. Tədbirə qatılan müəssisələr tərəfindən ümumilikdə 202-dən artıq boş iş yeri təqdim olunub. Həmin iş yerlərinin 111-i qeyri-dövlət müəssisələrinin, qalanları dövlət müəssisələrinin payına düşür. Təqdim olunan vakant iş yerlərində maksimum əməkhaqqı 1900 manat, minimum əmək haqqı isə 160 manat təşkil edir.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Litvanın sosial təhlükəsizlik və əmək nazirinin müavini xanım Eqle Radisauskienenin başçılıq etdiyi nümayəndə heyəti, Avstriya Məşğulluq Xidmətinin icraçı idarə heyətinin üzvü Tomas Hainlen, Avropa İttifaqının “Tvinninq” layihəsinin nümayəndəsi Audra Mikalauskaite iştirak etdilər.

Məyin Kərimli dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin məşğulluğunun diqqətdə saxlanıldığını, aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqamətinin də gənclərin əmək bazarına çıxış imkanlarının artırılmasına yönəldiyini vurğulayıb. Nazir müavini bu istiqamətdə işlərin davam etdirildiyini, məşğulluq orqanları tərəfindən cari ilin yanvar-may aylarında işlə təmin edilən 35,3 min nəfərdən 9573-nün gənc olduğunu qeyd edib. Bildirilib ki, bu ilin 5 ayında məşğulluq orqanları tərəfindən 1317 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub ki, onlardan təxminən 700 nəfərini gənclər təşkil edib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 80 gənc peşə təliminə qəbul edilib. Son beş ayda 63,2 min gəncə düzgün peşə seçimi aparmalarına kömək məqsədilə peşəyönümü məsləhətləri verilib. Özünüməşğulluq proqramında da gənclərin iştirakına xüsusi əhəmiyyət verilir və ötən il proqrama cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaradanların 300 nəfərdən çoxu gənclər olub. Bu il həmin proqramda gənclərin iştirak səviyyəsinin dəfələrlə artırılması nəzərdə tutulur.“Karyerada ilk addım” devizi altında təşkil olunan tədbirlərin əhəmiyyətini qeyd edən nazir müavini burada əsas məqsədin gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, işəgötürənlərlə ilkin əlaqələr qurmaları üçün şərait yaradılması olduğunu bildirdi.

Daha sonra “Məzun–2018” buraxılış tədbirində universitetin rektoru, professor İbad Abbasov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzuladı. Qeyd etdi ki, bu il Bakı Biznes Universitetini 356 məzun bitirib. Həmçinin bu il universitetdə 35 magistr də məzun olub.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da məzunları təbrik edərək, onların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əminliyini bildirdi. O, qeyd etdi ki, məzun olmaq təkcə yüksək şərəf deyil, Vətən qarşısında, dövlət qarşısında böyük vətəndaşlıq borcudur. Məzun olmaq həm də yüksək ictimai məsuliyyətdir. Bu il məzun olacaq tələbələr müstəqil Azərbaycanın dövlət və özəl müəssisələrində çalışaraq, Azərbaycanımıza, dövlətimizin maraqlarına xidmət edəcəklər. 4 il ərzində aldıqları ali təhsili həm nəzəri, həm də praktik cəhətdən nümayiş etdirməklə, savadlı mütəxəssis olduqlarını sübut edəcəklər.

Daha sonra təhsildə qazandıqları uğurlara görə, həmçinin universitetin ictimai–siyasi həyatında iştiraklarına görə fərqlənən bir qrup tələbə universitet rəhbərliyi tərəfindən fəxri fərmanla və hədiyyələrlə təltif olundular.Eləcə də universitetin rəhbər işçiləri rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına və təhsilin inkişafında göstərdikləri yüksək nəticələrə görə Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular.

Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm bayram konsert proqramı təşkil olundu.

Keçidlər