H.Zərdabi və Alatava sakinləri səyyar qəbul-görüşlərin keçirilməsinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iyunun 28-də növbəti səyyar qəbul-görüşü 2 nömrəli Sahə İnzibati Dairəsinin ərazisində, H.Zərdabi pr, 70 saylı binanın sakinləri ilə keçirilib. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək görüşdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışdı. Ölkə başçısının tapşırığına əsasən rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri sakinlərin rahat yaşayışını, həmçinin istirahətini təmin etmək məqsədini daşıyır. İcra başçısı bu məqsədlə rayonun Əsəd Əhmədov küçəsində asfalt örtüyünün yenidən salınmasını, Məhəmməd Xiyabani küçəsində böyük abadlıq işlərinin aparıldığını , həmçinin əhalinin mədəni istirahətini təmin etmək məqsədilə “Qismət” şadlıq evinin yaxınlığındakı uzun illərdir baxımsız qalan istirahət parkının əsaslı şəkildə bərpa edilərək yeni üslubda, müasir standartlara uyğun şəkildə yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcəyini bildirdi.
Sonra görüşdə H.Mustafayev, N.Əliyev, M.Səfərov, R.Musayev, H.Əliyev, T.Tağıyev və başqaları binaların məhəllələrinin abadlaşdırılması, uşaq meydançalarının yaradılması, binaların istiliklə təmin olunması, liftlərin təmiri, asfalt örtüyünün vurulması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşdə qaldırılan problemlərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.