2 nömrəli Bakı Baza Tibb Kollecində Məzun Günü keçirildi
Yasamal rayonu 2 nömrəli Bakı Baza Tibb kollecində Məzun günü keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, Elm, Təhsil şöbəsinin müdir müavini Səidə Rüstəmova və kollecin tələbə-müəllim heyəti iştirak etdi.
Tədbiri Kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qeyd etdi ki, bu gün 7 ixtisas üzrə 481 tələbə məzun adına layiq görülüb. O, kollecin yaranma tarixindən, məzunların şərəfli bir peşəyə yiyələnmələrindən danışdı. Kollecin rəhbəri gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı.
Maraqlı nitqi ilə məzunları Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov təbrik etdərək 2018-ci ili uğurlu il adlandırıb. O, bu ilin aprel ayında Azərbaycanda Prezident seçkilərinin böyük ruh yüksəkliyi ilə keçirildiyini qeyd etdi. Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünün, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaranmasının 100 illiyinin 2018-ci ilə təsadüf etdiyini bildirdi. O, bu əlamətdar hadisələrin bu il məzun adı alan tələbələrin gələcək uğurlarına işarə olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu günki məzunlar 100 illiyini təntənə ilə qeyd etdiyimiz Cümhuriyyətimizin məzunları kimi tarixə düşdülər. Sonra Əziz Əzizov valideynləri, müəllim heyətini və tələbələri məzun günü münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində Tibb Kollecinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırdı.
Məzun adı alan tələbələr də öz növbələrində kollecdə yaradılmış şəraitə rəhbərliyə minnətdarlıqlarını bildirdilər.
Digər qonaqlar da çıxışları ilə təbriklərə qoşuldular.
Sonra məzunların “Andiçmə” mərasimi keçirildi. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən 14 məzun Fəxri Fərman və hədiyyələrlə təltif olundu.
Tədbirin bədii hissəsində məzunların 3 il təhsil aldıqları müddətdə tələbə həyatından bəhs edən qısa film nümayiş olundu. Daha sonra Tələbə Həmkərlar Təşkilatının rəhbərliyi ilə tələbələrin hazırladığı şeir kompozisiyaları, musiqi nömrələri, kollecin “Şəfa” rəqs qrupu, “Təbib” xor qrupu ifasında çıxışlar bir-birini əvəz etdi.