Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin “Narkotiklərlə Mübarizə Günü”nə həsr olunan tədbir keçirildi

13 iyun 2018 | 11:00

İyunun 13-də Yasamal rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu və Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının “Narkotiklərlə Mübarizə Günü”nə həsr olunan tədbir keçirildi. Tədbir Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələrinin qoyularaq əziz xatirəsinin yad olunması ilə başladı.

Sonra Yasamal rayon İcra Hakimiyyətinin akt zalının foyesində təşkil olunmuş sərgidə tədbirə dəvət olunan qonaqlar narkotiklərlə mübarizəyə dair qanunvericilik, elmi, metodiki, nəzəri-praktiki vəsaitlər, təbliğat-təşviqat materialları və orta məktəb şagirdlərinin narkotiklər, onların törətdikləri fəsadlar mövzularında rəsm işləri ilə tanış oldular.

“Ölümünü sifariş edənlər” adlı qısametrajlı filmin nümayişindən sonra “Narkotiklərlə Mübarizə Günü”nə həsr olunan tədbiri açıq elan edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov qonaqların və iştirakçıların nəzərinə çatdırdı ki, Birləşmiş Millətlər Təşkilatının 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur, ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını tətbiq etmək istiqamətində səylərini artırırlar, bu gün keçirilən tədbir də məhz narkotiklərlə mübarizə ilə əlaqədar tədbirlərin tərkib hissəsidir.

Sonra Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov məruzə ilə çıxış etmək üçün sözü Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Elçin Rzayevə verdi. Elçin Rzayev tədbir iştirakçılarına dünyada və ölkəmizdə narkomaniya və narkobizneslə mübarizə tədbirləri, narkotiklərlə mübartizə tədbirləri nəticəsində əldə olunmuş nailiyyətlər və statistik göstəricilər, ulu öndər Heydər Əliyevin ölkəmizin tarixində ilk dəfə olaraq əsasını qoyduğu narkomaniya və narkobizneslə mübarizə tədbirlərinin əsasları və prinsipləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası və Dövlət Proqramının müddəalarından irəli gələn vəzifələrin Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icrası, Dövlət Proqramının Qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, o cümlədən Dövlət Proqramı ilə idarə, müəssisə və təşkilatların, xüsusilə ali, orta-ixtisas və orta təhsil müəssisələrinin üzərinə qoyulmuş vəzifələr barədə geniş məlumat verdi.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Yasamal rayon məhkəməsinin sədri Araz Hüseynov, Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev və Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi Elçin Əliyev narkotiklərlə mübarizənin spesifik xüsusiyyətləri haqqında maarifləndirici çıxışlar etdilər.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin, Yasamal rayonundakı idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Keçidlər