Şriftin ölçüsü :

Saytın rəngi :

Akim Abbasov küçəsində “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 3 nömrəli bina sakinlərin istifadəsinə verildi

15 iyun 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Pilot layihə” kimi azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı ölkədə uğurla həyata keçirilir. Layihə yaşayış üçün yararsız və qəzalı olan, şəhərin görünüşünə xələl gətirən evlərin sökülərək on minlərlə sakinin daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti ilə təmin etməklə yeni inşa ediləcək binalara köçürülməsini nəzərdə tutur.

15 iyun tarixdə Bakı şəhəri üzrə üçüncü, Yasamal rayonu üzrə isə ikinci “Pilot layihə”li binanın açılış mərasimi keçirilib.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək 15 iyun - Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibətilə Yasamal sakinlərini təbrik edib. Əziz Əzizov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu vurğulayıb. Bildirib ki, xalqın tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

İcra başçısı Əziz Əzizov bu gün yeni binanın məhz bayram günündə istifadəyə verilməsinin təsadüfi olmadığını qeyd edib. Çünki, Ulu öndər Heydər Əliyev xalqının firəvan yaşamağını, gözəl həyat tərzi keçirməyini görmək istəyirdi. Bu gün ümummilli liderin siyasətini uğurla həyata keçirən layiqli davamçısı dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər Yasamal rayonunda da uğurla davam etdirilir. “Pilot layihə” çərçivəsində rayon ərazisində 18 qəzalı binanın sökülərək, yerində yeni evlərin tikilməsi nəzərdə tutulub. Hazırda layihədə nəzərdə tutulan 8 binanın tikinti işləri davam etdirilir. “Pilot layihə”nin əsas məqsədi orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin şəhərin xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən xələl gətirilən həmin binaların tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan məişət təminatlarını özündə əks etdirən yaşayış binalarının inşasını nəzərdə tutur. “Pilot layihə” yə görə həmin binalarda yaşayan sakinlər müvəqqəti olaraq başqa mənzillərə köçürülür, sahibkarlar tərəfindən mənzillər inşa olunduqdan sonra orada yaşayan əhali əlavə olaraq təqribən 15-20 faiz əlavə sahə ilə təmin edilirlər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında həmçinin bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli ”Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər barədə” Qərarının icrası ilə əlaqədar Yasamal rayonunda növbəti, 4 mərtəbəli 39 mənzildən ibarət qəzalı vəziyyətdə olan yataqxana binasının sökülməsi və yeni yaşayış binasının tikintisi həyata keçirilmişdir. Tikintini həyata keçirən “Ehtibar İnşaat” MMC ilə sakinlər arasında bağlanmış müqavilə əsasında müəyyən müddətə kirayə mənzillərə köçürülmüş və binanın yenidən tikintisi başa çatdığı üçün bu gün istismara təhvil verilir. Hal- hazırda Akim Abbasov küçəsində “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 3 nömrəli, 2 girişli 16 mərtəbəli, 210 mənzilli binanın tikintisi başa çatdırılmış və sakinlərin istifadəsinə verilir.

Bu gün sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi 12900 kvadratmetr təşkil edir. Optik sistemdə kabelləşən bu yeni binadakı 1, 2 və 3 otaqlı mənzillər hər biri tam təmirlidir. Binada Koreya dövlətindən sifarişlə gətirilmiş sərnişin və yük daşıma liftləri quraşdırılmış, həmçinin hər bir mənzil qaz, su və işıq sayğacları ilə təmin olunmuşdur. Bundan əlavə bina sakinləri üçün yeraltı avtodayanacaq və uşaq meydançasının salınması da nəzərdə tutulub. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışının sonunda bildirdi ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Pilot layihə” dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Rəsmi hissədən sonra yeni binanın sakinlərinə mənzillərin açarları təqdim olundu. Sakinlər həyat tərzinin yaxşılaşdırılmasına, mənzil şəraitinin yüksək səviyyədə təminatına görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər