Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Milli Qurtuluş Günü qeyd olundu

08 iyun 2018 | 11:00

Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti, mahiyyəti ilə seçilən, müstəqilliyimizin əbədilik tarixi adlandırılan 15 İyun- Milli Qurtuluş Günü respublikamızda böyük təntənə ilə qeyd olunur. YAP Yasamal rayon təşkilatında bu münasibətlə keçirilən tədbirdə öncə Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin foyedə qoyulmuş büstü önünə əklil qoyuldu, Dövlət Himni səsləndirildi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, ötən əsrdə ikinci dəfə suverenliyinə qovuşan Azərbaycanın müstəqilliyinin təhlükədə olduğu zaman xalqa bələdçilik edərək ölkədə yaranan xaosu ağlının, zəkasının qüdrəti ilə aradan qaldıran Ulu Öndər ən təcrübəli dövlət başçılarının, sərkərdələrin belə bacara bilməyəcəyi məsuliyyətli, çətin vəzifənin öhdəsindən gəldi, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Xalqın tələbi ilə Bakıya qayıdan Heydər Əliyevin qətiyyəti , cəsarəti, təcrübəsi, düşünülmüş siyasəti nəticəsində Azərbaycan ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ulu Öndəri tarixdə izi qalan görkəmli sərkərdələrlə müqayisə edərək bildirdi ki, liderləri yaşadan, tarixi şəxsiyyət kimi sevdirən, qəhrəmanlığın ilk şərti olan cəsarətlilik, siyasi iradə, Vətənə məhəbbət duyğularıdır. Vurğuladı ki, 2018-ci il tariximizə yubileylər ili kimi yazılır. Bu ildə ulu öndər Heydər Əliyevin, dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyləri, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənə ilə qeyd olundu. Bu tədbirlərin davamı isə 15 İyun - Milli Qurtuluş Günüdür. Xalqa xidmətlərinə görə sərkərdə, fateh adını qazanan tarixi şəxsiyyətlər müxtəlif dövrlərdə yaşasalar da onların liderlik keyfiyyətlərini əsaslandıran cəsarət, qətiyyət, iradə, torpağına , elinə, obasına bağlılıq olmuşdur. Xalqı üçün böyük xidmətlər göstərən sərkərdələr arasında ulu öndər Heydər Əliyevin adı birincilər sırasında çəkilir. Adı tarixi şəxsiyyətlərlə eyni sırada çəkilən, uzaqgörən siyasəti, dövlətçilik təcrübəsi, müdrikliyi ilə dünyada tanınmış liderlər arasında ilk sıralarda yer alan ümummilli lider Heydər Əliyev insanı formalaşdıran təşəbbüskarlıq, liderlik, özünəinam formulunu “müvəffqiyyət qanununa” çevirərək müstəqil Azərbaycanın xilaskarı kimi Ümummilli Lider adının dahilik zirvəsinə ucalıb. Bu gün bir daha deyirik ki, nə yaxşı ki, Azərbaycan xalqının Heydər Əliyev kimi ümummilli lideri olub və zamanında xalqın səsinə səs verməklə milyonları məşəqqətlərdən xilas etdi. Prezident İlham Əliyevin davam etdirdiyi varislik siyasəti isə Azərbaycanı dünyanın ən qüdrəti ölkələri sırasına qaldırdı.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ulu Öndərin siyasi fəaliyyətini hadisələrin xronoloji təhlili ilə diqqətə çatdırdı. Bildirdi ki, müstəqilliyimizin təhlükədə olduğu məqamlar çox olsa da 4 iyun Gəncə hadisələri ilə bağlı ölkədə davam edən proseslər daha mürəkkəb xarakteri ilə seçilir. Bu günlərdə bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni- Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir. 1993-cü il siyasi hadisələrin mürəkkəbliyi ilə seçilir. O dövrdə Azərbaycanda mövcud olan hakimiyyətsizlik, müxtəlif siyasi qruplar arasında yaranan gərginlik, şəxsi maraqarın dövlətçilik mənafelərindən üstün tutulması ölkədə itaətsizlik mühiti yaratmışdı. Müstəqillik Aktı qəbul olunsa da ölkədə baş alıb gedən hərc-mərclik, hakimiyyətsizlik, iqtisadi tənəzzül insanların sabaha inamını azaldırdı. Bu gün hər bir Azərbaycan vətəndaşı keçmişə nəzər salaraq sual edir: O qarışıq dövrdə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı Azərbaycanın taleyi necə olardı? Ermənistanın torpaqlarımıza əsassız iddiası insanlarda təlaş yaratmışdı. Elan olunmamış müharibədən əziyyət çəkən ölkə vətəndaşlarının vəziyyəti acınacaqlı idi. Dövlətçilik adında heç nəyin olmadığı ölkədə dövlət strukturlarının fəaliyyətindən söhbət gedə bilməzdi. İyun ayının 9-da xalqın tələbi ilə Bakıya gələn, Gəncə qiyamını müdrikliyi ilə aradan qaldıran ulu öndər Heydər Əliyev xilaskarlıq adını əbədiləşdirdi, ölkədə sabitlik yaratdı. Ona görə də tam mənası ilə demək olar ki, Milli Qurtuluş Günü hər bir Azərbaycan vətəndaşının həyatında əlamətdar hadisədir.Bu bir həqiqətdir ki, siyasi sabitliyi bərqərar olmayan ölkədə inkişafdan, iqtisadi tərəqqidən söhbət gedə bilməz. Məqsəd, hədəf bu idi ki, müstəqil Azərbaycanın gələcək inkişaf yolu xalqın istəyinə uyğun müəyyənələşdirilməli, dövlətçilik mənafeləri bir amala yönəlməlidir. O çətin dövrdə məhz Ulu Öndərin siyasi qətiyyəti nəticəsində imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycana maraq yarandı, ölkəmizin dünyada tanınması istiqamətində önəmli addımlar atıldı. İqtisadi inkişafı, iqtisadi müstəqilliyi şərtləndirən sabitlik yarandı, ordu quruculuğu istiqamətində islahatlar aparıldı.Ulu Öndərin düşünülmüş siyasətinin məntiqi nəticəsi, bu siyasətə sadiq qalan Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsidir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai- siyasi məsələlər şöbəsinin xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə sektor müdiri, YAP Siyasi Şurasının üzvü Qafar Əliyev çıxışında Milli Qurtuluş Gününü müstəqilliyimizi şərtləndirən tarixi hadisə adlandırdı. Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yeri olan 15 iyun həm də xalqımızın xilaskarlıq missiyasının başlanğıc tarixidir olduğunu vurğuladı. Azərbaycanın dövlətçilik tarixinə adı yazılan görkəmli şəxsiyyətlər çox olsa da onların arasında liderlik fəlsəfəsi ilə seçilən ulu öndər Heydər Əliyevin irsi daim öyrənilməli, təbliğ olunmalıdır. Ulu Öndərin əsas prinsipi Azərbaycanı daha qüdrətli görmək idi və Prezident İlham Əliyev varis kimi bu siyasətə sadiq qalaraq Ümummilli Liderin əməllərini yaşadır, inkişaf konsepsiyasını davam etdirir.

Tədbirdə YAP Yasamal rayon təşkilatının həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edən fəallara fəxri fərmanlar təqdim olundu.

Bayram tədbiri bədii hissə ilə davam etdi.

Keçidlər