Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqil Azərbaycanın memarı” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırması

08 iyun 2018 | 11:00

İyunun 8-də Yasamal Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil etdiyi “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma tədbiri keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, şöbə rəisi, polkovnik Niyazi Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi , polkovnik-leytenant Kənan Məmmədov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəis müavini Ramin Hacıyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, əməkdar incəsənət xadimi, professor Ağaəli İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli, KİV nümayəndələri və rayon ictimaiyyəti iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin Muzey bölməsi ilə tanış oldular, ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, büstün önünə gül dəstələri qoydular.

Mərkəzin foyesində ümumilli lider Heydər Əliyevin 95 -ci ildönümü münasibətilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının milli dövlətçiliyinin xilası və inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin sonlarında ölkəmizdə yaranmış ağır vəziyyətdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan Respublikasının parçalanmasının qarşısını aldı, iqtisadi və siyasi sabitliyin təmin edilməsinə nail oldu. Onun müəllifliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin müstəqilliyini təmin etdi və nəticədə Azərbaycanı bugünun qüdrətli dövlətinə çevirəcək strategiyanın əsası qoyuldu. Əziz Əzizov vurğuladı ki, bu müsabiqə bu şagirdlərin həyatında vətənpərvərlik hisslərinin formalaşmasında böyük əhəmiyyətə malikdir, gələcəkdə onların dövlətimizi xarici ölkələrin kürsülərində ləyaqətlə təmsil etmələrinə təkandır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev Respublikamızın müstəqil dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olduğunu, ulu öndərin formalaşdırdığı Azərbaycan Silahlı Qüvvələrinin hazırda regionun ən qüdrətli ordusu olduğunu və ölkəmizin suverenliyini, sərhədlərimizin etibarlı müdafiəsini yüksək səviyyədə təmin etdiyini vurğuladı.

Digər çıxışçılar bu formatda keçirilən müsabiqələrin ulu öndər Heydər Əliyevin vətənpərvərlik irsinin gənc nəslə çatdırılmasında və onların milli dəyərlər əsasında tərbiyə edilməsində mühüm rolu olduğunu qeyd etdilər.

Sonda “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsi qaliblərinə diplomlar və hədiyyələr təqdim olundu.

Keçidlər