Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Müşfiqin 110 illiyi ilə bağlı “Duyğu yarpaqları” adlı tədbir keçirildi

05 iyun 2018 | 11:00

5 iyun tarixində Yasamal rayon Müşfiq parkında Yasamal rayon İcra Hakimiyyətinin və “Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş “Duyğu yarpaqları” adlı poeziya günü keçirildi. Abidə ətrafı əvvəlkindən fəqli olaraq bütünlüklə Mikayıl Müşfiq yaradıcılığından xəbər verirdi, hər yan gül-çiçəklə bəzədilmişdi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, “Cabir Novruz” Mədəniyyət fondunun sədri Cavanşir Qurbanov, Respublika Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, Azərkitab Kitab Təbliğatı Mərkəzinin direktoru Sabir Həsənov, Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Müşfiqsevər ziyalılar iştirak edirdi.

Hər il iyun ayının beşi Azərbaycan xalqı şairlərini ənənəvi olaraq təbrik edir. Dahi Müşfiqin doğum günü vətənimiz Azərbaycanda şairlər günü kimi qeyd edilir. Bu il də söz qədri bilənlər beşi iyun sabahını Mikayıl Müşfiqi ziyarətlə yaşamağa başladı.

Tədbiri şair Müşfiq Cabiroğlu açaraq sözü Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradovaya verdi. Təravət Muradova vurğuladı ki, Prezident İlham Əliyev mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulanır ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi tamam olur. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Qeyd etdi ki, Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir , və xoşbəxt şairlərdəndir, çünki bu gün burada bu qədər Müşfiqsevərlər toplaşıb.

Digər çıxış edənlər Müşfiq poeziyasının tükənməz çeşməsindən bir-birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatdılar. Şairin ədəbiyyatımıza verdiyi töhfələrdən, onun yaradıcılığının gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğundan söhbət açdılar.

Sonda M.Müşfiq adına 18 saylı tam orta məktəbinin şagirdləri bədii kompozisiya ilə çıxış etdilər. A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin şagirdi, Beynəlxalq mükafatlar laureatı Əli Muradov “ Yenə o bağ olaydı” mahnısını ifa etdi.

Tədbir Müşfiqin dünyaya göz açdığı Xızı rayonu Heydər Əliyev Mərkəzində davam etdirildi.

Keçidlər