Yasamal rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli qeyd olundu
May ayının 24-də Yasamal rayon İcra Hkimiyyətinin təşkilatçılığı ilə A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli qeyd olundu.
Əvvəlcə qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış oldular.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Səadət Veysova açaraq 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyi, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd etdi.
Yasamal rayon İcra Hkimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs etdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğuladı. O, müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında danışdı. Qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib. Bakı qitələri birləşdirən böyük layihələrə imza atıb. Bildirdi ki, Azərbaycan xalqı ötən əsrin əvvəllərində istiqlal mübarizəsinə qoşulub və azadlıq ideyalarını böyük fədakarlıqla və cəsarətlə reallaşdırıb. Bu gün müasir Azərbaycanımız Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir.
Milli Məclisin deputatı, tarixçi-alim Fəzail İbrahimoğlu öz çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən geniş bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu diqqətə çatdırdı.
Tədbir çərçivəsində böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olundu.
Məktəbin şagirdlərinin ifasında ədəbi-bədii və musiqili kompozisiyalar təqdim olundu.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə bir qrup rayon fəalları Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular.