Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva adına lisey 10 yaşını qeyd etdi

01 may 2018 | 11:00

Yasamal rayonunda fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Lisey 2008-ci il aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85-ci ildönümü ərəfəsində açılıb.

Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirildi. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Milli Məclisin deputatları, yazıçı Anar, universitet rektorları, görkəmli elm xadimləri iştirak etdilər.

Liseyin direktoru, Əməkdar Müəllim, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva bildirdi ki, işıqlı xatirəsi daim yad edilən xeyirxah insan, fədakar alim, qayğıkeş ömür-gün yoldaşı, dünya oftalmologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən akademik Zərifə Əliyevanın həyat yolu onun adını daşıyan liseyin hər bir üzvü üçün məktəbdir. Mehriban Vəliyeva qeyd etdi ki, bu gün liseyin yaranmasından 10 il keçir. Liseyin daşıdığı ada və anda sədaqətlə 10 ildir ki, yol gəlirik. Bu günədək liseyi 1237 məzun bitirib. Onların bir çoxu 600-dən yuxarı bal toplayıb, orta statistik göstərici isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub. Şagirdlərin bir qismi istər ölkədaxili, istərsə də beynəlxalq olimpiadalarda, müsabiqələrdə, konfranslarda çoxlu sayda medal və diplomlara layiq görülüblər. Liseyin məzunları sayəsində dünyaya da qapı açmışıq. Hazırda liseyin məzunları arasında dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirənlərin sayı az deyil. Bütün bu nailiyyətlərin arxasında həm peşəkar, həm də fədakar müəllim əməyi durur. Bilirik ki, göstərdiyimiz xidmətin bəhrəsini gələcək nəsillər də görəcək. Lisey kollektivi olaraq, təhsilə və müəllimə qayğı ilə yanaşan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirdi, bu məktəbin təhsilə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Sonra Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, kollektivin 27 müəlliminə fəxri fərman və təşəkkürnamələr təqdim edildi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Zərifə xanım Əliyevanın həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu vurğuladı. Bildirdi ki, onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı həm də nümunəvi bir həyat yolu keçmişdir. Bildirdi ki, artıq bir neçə gündür ki, rayonun bütün səhiyyə və təhsil müəssisələrində görkəmli oftalmoloqun 95 illik yubileyi münasibətilə silsilə tədbirlər keşirilir.Əziz Əzizov liseyin müəllim kollektivinin rayonun ictimai-siyasi həyatında fəal iştirakını vurğulayaraq kollektivə təşəkkürünü bildirərək rayon İcra Hakimiyyətinin fəxri fərmanını təqdim etdi.

Daha sonra liseyin fəaliyyətində xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda, liseydən təqaüdə gedən müəllimlərə xatirə hədiyyələri verildi. Liseyin formalaşmasında rolu olan müəllimlər adından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış etdi.

Sonra liseyin 10 illiyinə həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbirdə, həmçinin liseyin teatr dərnəyinin rəhbəri, aktyor Bəhruz Vaqifoğlunun şagirdlərlə birgə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu.

Kompozisiyada liseyin sosial həyatı, dünya elmi, idman, vətənpərvərliklə bağlı səhnələr nümayiş olunub. Bundan əlavə, qonaqlara liseyin 10 illik fəaliyyətinə həsr olunmuş ”Gələcəyə açılan qapı” adlı jurnallar paylanıldı.

Tədbir lisey məzunlarının təbrik çıxışları ilə yekunlaşdı.

Keçidlər