Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov sakinlərlə görüşərək səyyar qəbul keçirdi
Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov 31 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə görüşərək səyyar qəbul keçirdi. Rayon İcra Hakimiyyəti Başçısının bütün səyyar qəbullarında olduğu kimi bu dəfə də rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, aparatın məsul işçiləri, rayon İcra Hakimiyyəti Başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, hüquq mühafizə orqanlarının, rayon bələdiyyəsinin, kommunal xidmətlərin və digər xidmət strukturlarının rəhbərləri, həmçinin, 150 nəfərədək rayon sakini iştirak etdilər.
Səyyar qəbulda rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov 2018-ci ilin I rübünün ortalarından başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisində həyata keçirilən geniş və iri miqyaslı abadlıq-quruculuq işləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə icra olunan “Pilot” layihələr, onların icrası ilə qəzalı vəziyyətdə olan evlərin kütləvi surətdə sökülərək yerində müasir layihələr əsasında yeni binaların inşasının hesabına əldə olunan üstünliklər, Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, kommunal xidmətlərin fəaliyyəti, o cümlədən qarşıda duran vəzifələr və s. barədə rayon sakinlərinə ətraflı məlumat verdi. Rayon İcra Hakimiyyəti Başçısının “Pilot” layihələrin icrası ilə əlaqədar toxunduğu məsələlər ərazidə yaşayan sakinlərin böyük marağına səbəb oldu və rayon İcra Haskimiyyətinin Başçısı sakinlərin çoxsaylı suallarını cavablandırdı.
Rayon İcra Hakimiyyətinin Başçısı rayon sakinlərini narahat edən və maraqlandıran məsələləri yerində araşdıraraq onların operativ həlli üçün müvafiq göstərişlər verdi, qaldırılan bütün məsələlərin istisnasız olaraq müsbət həlli təmin olundu.
Səyyar qəbuldan sonra rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov səyyar qəbulda sakinləin müraciətini nəzərə alaraq aidiyyəti qurumların rəhbərləri ilə birlikdə sökülməsi nəzərdə tutulan evlərə baxış keçirərək müvafiq göstərişlər verdi.