Yasamal rayonunda görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 95 illiyi qeyd olundu
Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Əziz Əzizov, həmçinin qeyd etdi ki, Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, dəyərli elmi-tədqiqat işləri yazıb. Məhz onun fədakarlığı ilə o dövrdə çox geniş yayılmış traxoma və bir sıra göz xəstəlikləri tam müalicə olunaraq demək olar ki, ölkəmizdə tamamilə aradan qaldırılıb.
Əziz Əzizov onu da xüsusi olaraq bildirdi ki, Zərifə xanım təkcə respublikamızda deyil beynəlxaq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilib. Akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar. Zərifə xanımın bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir.
1 nömrəli Bakı Tibb Kollecinin direktoru Nəriman Mövsümov, cərrahiyyə fənn komissiyasının sədri Könül Salahova öz çıxışlarında həmkarları, yetirmələri, xəstələri arasında böyük hörmət və məhəbbət qazanan Zərifə xanım Əliyevanın həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti və insanlara qayğısı barədə danışdılar.
Sonda 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasında təhsil alan gözdən əlil, I kurs tələbəsi Mehdiyeva Xanım “Ana” mahnısını ifa etdi. Eyni zamanda, Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunan film nümayiş olundu.