«Şahin» hərbi-idman oyunları
Yasamal rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində orta ümumtəhsil məktəbliləri arasında «Şahin» hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
Münsiflər heyətinin sədri «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edilmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış üçün söz, Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradovaya verildi. Təravət Muradova öz növbəsində yarış iştirakçılarını salamlayaraq komandalara uğurlar arzuladı. Təravət Muradova bildirdi ki, aprel döyüşləri xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızın yaxın zamanda düşmən tapdağından azad olunacağına əminlik yaradır.
Söz Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərova verildi. İlham Səfərov çıxışında qeyd etdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Təntənəli açılış mərasimi bitdikdən sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başladılar.
Birinciliyin təntənəli açılış mərasimində Yasamal rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi İlqar Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəis müavini Ramin Hacıyev, «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev iştirak etmişlər.
Birincilikdə rayon ərazisində fəaliyyət göstərən 19 tam orta məktəbin komandası öz qüvvəsini sınamışdır. Yarışın yekun nəticəsinə görə I yerə 20 №li tam orta məktəb-liseyin komandası, II yerə 158 №li tam orta məktəbin komandası, III yerə 286 №li tam orta məktəbin komandası layiq görülmüşdür. Rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonumuzu təmsil etmək hüququ qazanmışdır.