Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda aprel döyüşlərinin Qəhrəmanları anıldı

03 aprel 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 308 nömrəli orta məktəbdə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin ildönümü qeyd olundu.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildirdi ki, şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış, Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirən Aprel döyüşlərindəki bu qələbə xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu bir daha sübut etdi.Əziz Əzizov bütün ölkədə olduğu kimi, Yasamalda da şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırdı. O, bildirdi ki, Aprel döyüşlərində Yasamal rayonundan hərbi xidmətə çağırılmış 4 nəfər əsgər və zabit şəhid olmuş, 4 nəfər ağır yaralanmışdır, bir nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. İcra başçısı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan aprel döyüşlərinin təkcə düşmənin deyil, bütün dünyanın bu 4 günlük müharibədə ordumuzun gücünü gördüyünü vurğuladı. Bildirdi ki, Aprel döyüşləri Azərbaycan gənclərinin yeni ruhunu ortaya qoydu. Biz onlarda Vətən sevgisinin, mübarizə əzminin, sağlam düşüncənin şahidi olduq.

Tədbirdə çıxış edən şəhid Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev, şəhid Mahir Quliyevin atası Qadir Quliyev, Aprel döyüşlərinin qazisi Kamil Musəvi, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri ictimai birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev Aprel döyüşlərində qazanılan qələbədən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini və Vətən torpaqlarının işğaldan azad olunması naminə vuruşmaq üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildiriblər.

Tədbir iştirakçıları 308 nömrəli məktəbin şagirdlərinin hazırladıqları Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” sənədli filmə baxıblar.

Sonra 308 nömrəli məktəbin şagirdlərinin ifasında Lələ-Təpə yüksəkliyinin azad olunmasını əks etdirən bədii-kompozisiya nümayiş olundu.

Tədbirdən sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid ailələri ilə görüşdü, ehsan süfrəsi verildi.

Keçidlər