Yasamal məktəbliləri “Quba Soyqırım Memorial Kompleksi”ni ziyarət etdi
M.Müşfiq adına 18 saylı məktəbin bir qrup şagird və müəllimi “Quba Soyqırım Memorial Kompleksi”ni ziyarət etdi. Xatirə kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdiyi kütləvi qırğınlarda həlak olan on minlərlə azərbaycanlının əbədi xatirəsinə ucaldılmışdır. Müəllimlər və ş.agirdlər abidə kompleksinə daxil olaraq, gül dəstələrini əbədi məzarlığın önündə yerləşən xatirə daşının üzərinə qoyduqdan sonra kompleksin giriş hissəsində sərgilənən ekspozisiyalarla tanış oldular. Üç dildə hazırlanmış və nəfis lövhələrdə yerləşdirilmiş ekspozisiyalarda 1918-ci il hadisələri, müsəlman əhalisinin soyqırımı öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, 2007-ci ildə Quba şəhər stadionunda tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.
Şagirdlər muzeyin orta hissəsində yerləşən “qara xatirə daşı” ətrafında yaddaşımıza 31 Mart soyqırımı kimi həkk olunan tarixin köklərinə xronoloji baxış keçirdilər. Onlar həmin illərdə müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı həlak olanlardan, baş vermiş hadisəyə kimlərin başçılıq etdiyindən, uzun müddət gizli saxlanılan arxiv sənədlərindən və statistik məlumatlardan söhbət açaraq film-reportaj hazırladılar. Abidənin möhtəşəmliyi və unikallığı, insan baxışlarından ibarət nəhəng metal lövhə, işıqlanan qara xatirə daşı, muzeydəki atmosfer şagirdləri heyrətə gətirdi, onları riqqətə gətirən təəssüratları xatirə kitabına köçürdülər. Sonda şagirdlər öz çıxışlarını muzeyin ərazisində ucalan Azərbaycan Respublikasının Dövlət Bayrağı qarşısında kompozisiya ilə tamamlayaraq, tariximizin qan yaddaşına hopan bu tarixi hadisəni və bu günü əbədi yaddaş rəmzinə çevirdilər.