Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarixin görünən və görünməyən üzü” adlı tədbir

30 mart 2018 | 11:00

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində 31 mart azərbaycanlıların soyqırımına həsr olunan “Tarixin görünən və görünməyən üzü” adlı tədbir keçirildi.

31 mart azərbaycanlıların soyqırımına həsr olunan “Tarixin görünən və görünməyən üzü” adlı tədbir soyqırım qurbanlarının 1 dəqiqəlik sükutla yad olunması ilə başladı. Qeyd edildi ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri kütləvi qırğınlar həyata keçirib.

Daha sonra çıxış edən kollecin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Qulu Novruzov 31 mart hadisələrini Azərbaycan tarixinin qara səhifələrindən biri kimi qiymətləndirdi. Qeyd etdi ki, bu soyqırım Azərbaycan müstəqillik əldə edənədək gizlədilərək ört-basdır edilib. Azərbaycan xalqına bu soyqırımı unutdurmaq üçün bütün vasitələrdən istifadə olunub. Bunun üçün əli Azərbaycan xalqının qanına bulaşmış ermənilərə heykəllər ucaldılıb, adları küçə və prospektlərə verilib. Vurğulandı ki, bu unutqanlıq azərbaycan xalqına baha başa gəlib, belə ki, gözü hər zaman Azərbaycan torpaqlarında olan ermənilər, növbəti soyqırımını Xocalıda törədiblər.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu tipli tədbirlərin Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilməsinin əhəmiyyətindən danışdı. Daha sonra çıxış edən tarixçi Ələmdar Şahverdiyev 31 mart soyqırımı barədə faktları bölüşdü. Qeyd etdi ki, bu soyqırım üçün artıq xeyli əvvəldən zəmin yaradılmışdı. Belə ki, İran və Türkiyədən qısa zaman ərzində 300 mindən artıq erməni Azərbaycan ərazilərinə köçürülmüşdü. Ermənilər özləri üçün arxa dayaq taparaq Azərbaycan torpaqlarına iddia etməklə yanaşı, bu niyyətlərini həyata keçirmək üçün soyqırım aktlarını həyata keçirdilər.

Sonra tələbələrin ifasında nümayiş olunan mart soyqırımına həsr olunmuş şerlər, “Xeyir və şər” kompozisiyası ermənilərin Azərbaycan ərazilərində törətdiyi vəhşilikləri əks etdirdi.

Keçidlər