Yasamal rayon İcra hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyevin 2012-ci il iyulun 26-da Şəfaət Mehdiyev küçəsi, 97 A saylı evin qarşısında keçirdiyi səyyar görüş-qəbul
Yasamal rayon İcra hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyevin 2012-ci il iyulun 26-da Şəfaət Mehdiyev küçəsi, 97 A saylı evin qarşısında keçirdiyi səyyar görüş-qəbulda Müdafiə Nazirliyinin 5 saylı Evlər İdarəsinə məxsus evlərin, mənzil-tikinti kooperativlərinin və 1-ci Alatava yaşayış massivinin 200 nəfərdən çox sakini iştirak etdilər.
Səyyar görüş-qəbul ərəfəsində ərazidə mövcud olan bir çox problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir. Məsələn, Şəfaət Mehdiyev küçəsi, 97 A saylı evin daxili kanalizasiya sistemi bütünlüklə dəyişdirilmiş, binanın uzun illər xətlərin nasazlığı səbəbindən su ilə dolmuş zirzəmisi nasos qurğuları ilə təmizlənmiş, yollara asfalt örtüyü vurulmasına başlanılmışdır.
Rayon İcra hakimiyyətinin Başçısı cənab İbrahim Mehdiyev sakinlərə məlumat verdi ki, iki ay müddətində qanunsuz zəbt olunaraq hasara alınmış ərazilər təmizlənərək abadlaşdırılacaq və sakinlərin ümumi istifadəsinə veriləcəkdir.Ərazidə müxtəlif uşaq əyləncə elementləri, günlüklər, oturacaqlar quraşdırılacaq, yaşıllıq zolağı salınacaq, işıqlandırma sistemi qurulacaq, 1-ci Alatava küçəsinə asfalt örtüyü vurulacaq, idman meydançası inşa ediləcəkdir. Yeni yaradılacaq nümunəvi, abad məhəllədə sakinlərin asudə vaxtlarını zövqlə keçirmələri üçün hər bir şərait olacaqdır. Səyyar görüş-qəbul sakinlərin sürəkli alqışları ilə müşayiət olundu.