Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda sakinlərlə görüş keçirildi

22 fevral 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Nazim Hikmət küçəsində yerləşən yaşayış evlərinin sakinləri ilə səyyar qəbul - görüşü keçirilib. Səyyar qəbul - görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərini salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirmiş, eyni zamanda qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurlu icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlərin görüldüyünü qeyd edərək, elektrik enerjisi, qaz, istilik, su təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, yeni məktəb, uşaq bağçası, poliklinikaların tikintisi, mövcud olan təhsil və səhiyyə müəssisələrinin əsaslı təmiri və müasir avadanlıqla təchizatı sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğuladı.

Sakinlərdən M.Qurbanov, R.Səfərov, N.Əhmədova, İ.Məmmədov, V.Elgizov, Z.Həsənov, R.Hacıyeva və digərləri məhəllədaxili yolların asfaltlanması, Abbas Mirzə Şərifzadə küçəsi 58, 102, 104, 110 nömrəli qəzalı binaların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən “Pilot” layihə çərçivəsində sökülüb yenidən tikilməsi, istilik sisteminin təmir edilməsi, məhəllələrin abadlaşdırılması, uşaq meydançalarının yaradılması, binaların girişlərinin və dam örtüklərinin təmir olunması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.

Səyyar-qəbul görüşdə sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Sonda vətəndaşların müraciətləri dinlənildikdən sonra rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, həmçinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb etmişdir.

Keçidlər