Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Xocalı faciəsinin 26-cı ildönümü qeyd olundu

23 fevral 2018 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Arif Hüseynzadə adına 20 saylı məktəb-liseydə Xocalı faciəsinin 26-cı ildönümü qeyd olundu.

Tədbir başlamazdan öncə məktəbin foyesində 4 saylı Uşaq İnkişaf Mərkəzinin və İncəsənət Gimnaziyasının şagirdlərinin rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra Xocalı faciəsində və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan başlayaraq səhər saat 5-dək toplardan və ağır zirehli texnikalardan şiddətli atəşə tutulan şəhər darmadağın edilib və yandırılıb. Həmin vaxt üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər əhali şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur olub. İçərisində uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Bu kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynindən və 130 uşaq valideynlərinin birindən məhrum olub. Eyni zamanda, 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 197 nəfər itkin düşüb, 1275 nəfər girov götürülüb, Xocalı şəhəri ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edilib. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri tərəfindən kəsilərək gülləbarana tutulub. İnsanların əksəriyyəti məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirilib.

Əziz Əzizov xüsusi vurğuladı ki, “Xocalı soyqırımına ilk dəfə siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Hələ 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, fevralın 26-sı – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb”. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin xarici siyasi kursunda mühüm yer tutduğunu vurğuladı. Həmçinin Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini önə çəkdi.

Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış edərək qeyd etdi ki, kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.

Tədbirdə Naxçıvanski adına hərbi liseyin müdavimlərinin dalğalandırdığı üçrəngli bayrağımız işğalda olan digər torpaqlarımıza qovuşacağımız günə olan inamı daha da artırdı.

Sonda şagirdlərin ifasında Xocalı soyqırımının dəhşətli gecəsini əks etdirən bədii kompozisiya və ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror hadisələrinə həsr olunmuş təqdimat nümayiş olundu. Həmçinin Yasamal rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşan Xocalı şəhid ailələrinə ərzaq yardımı paylanıldı.

Keçidlər