Yasamal rayonu sürətli inkişaf yolundadır
Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası paytaxtımızın simasını gündən-günə dəyişir. Dövlət proqramının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi Bakının rayonlarının inkişaf tempini xeyli artırıb.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da dövlətimizin başçısı bu məsələni xüsusi vurğulayaraq demişdir ki, Bakıda və onun qəsəbələrində çox böyük quruculuq və abadlıq işləri görülür. Bakıda və onun qəsəbələrinin problemlərinin həllinə kompleks yanaşılır. Dövlətimizin başçısı bildirdi ki, onlarla məktəb və uşaq bağçası, tibb ocağı tikilir, yollar salınır, qazlaşdırma prosesi gedir, su kanalizasiya layihələri icra edilir.
Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsi Yasamal rayonunda da özünü büruzə verir. Son illərin göstəricilərinə və rayonda aparılan abadlıq, tikinti-quraşdırma, səliqə-sahman və yenidənqurma işlərinə diqqət yetirdikdə bu rayonun sürətli inkişaf yolunda olması barədə tam təəssürat yaranır. Rayonun ərazisində tikilmiş hündürmərtəbəli binalar, əsaslı təmir edilmiş parklar, yaşayış evlərinin həyətlərində aparılmış abadlıq işləri paytaxtımızın da simasını xeyli dəyişmişdir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev dedi ki, Yasamal rayonu sosial-iqtisadi göstəricilərinə görə sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na 11 orta məktəbin, 21 məktəbəqədər uşaq müəssisəsinin əsaslı təmiri, əlavə tədris korpuslarının, yeni məktəbəqədər uşaq müəssisələrinin tikintisi, 8 uşaq bağçası, 4 səhiyyə müəssisəsinin, 2 orta məktəbin istilik təchizatı, 2-ci Alatava ərazisində elektrik yarımstansiyasının yenidən qurulması, Lökbatan təmizləyici qurğularına tunel tipli kollektorun, Yeni Yasamal yaşayış massivində 2 saylı poçt filialının inzibati binasının və poçt şöbəsinin tikintisi, parkın yenidən qurulması və s. daxil edilmişdi. Dövlət başçısının dövlət proqramının hazırlanması üçün təkliflərin verilməsi barədə tapşırıqlarının icrası ilə əlaqədar daha bir neçə təklif irəli sürülüb. Bu təkliflər əsasən rayon sakinlərinin gündəlik qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar idi. Məsələn, Yasamal rayonunun 260 000 nəfərdən çox əhalisinin 60, 70 min nəfərini gənclər təşkil etdiyi halda rayonda idman kompleksi yoxdur. Halbuki, gənclərin asudə vaxtlarının təşkilində, onların idmana cəlb olunmasında idman obyektlərinin əvəzsiz rolu vardır.
Digər bir məsələ artıq böyük bir yaşayış məntəqəsinə çevrilmiş Yeni Yasamal yaşayış massivində poliklinikalar, təcili tibbi yardım stansiyası üçün yer ayrılmamasıdır. Rayon rəhbərliyi təşəbbüs göstərərək sakinlərin səhiyyə xidməti kimi ən aktual probleminin aradan qaldırılması məqsədi ilə iqtisadi inkişaf nazirini rayona dəvət etdi. Nazir Şahin Mustafayevin göstərişinə əsasən, Yeni Yasamal yaşayış massivində İqtisadi İnkişaf Nazirliyinə ayrılmış torpaq sahələrindən təcili tibbi yardım xidmətinin köməkçi yardım stansiyasının, böyük və uşaq poliklinikalarının tikintisi üçün yer ayrıldı və onların tikintisi dövlət proqramına daxil edildi. Həmçinin, idman kompleksinin tikintisi məsələsi də müsbət həll edildi. Artıq Yeni Yasamal yaşayış massivində səhiyyə obyektlərinin tikintisinə başlanılıb və onların 2013-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Dövlət proqramının təsdiq edilməsindən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq nəzərdə tutulan işlərin çox hissəsi artıq icra olunub.
Fərəhləndirici haldır ki, Dövlət Proqramı çərçivəsində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış 27 və 325 saylı uşaq bağçalarının açılış mərasimlərində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva iştirak etmişlər.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin bir şəxsiyyət kimi formalaşması istiqamətində də müəyyən nailiyyətlər əldə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən rayonun 60 və 158 saylı məktəbləri 2011/2012 tədris ilində "İlin ən yaxşı ümumtəhsil müəssisəsi" adına layiq görülmüşlər. 18, 20, 60, 286 və 308 saylı məktəblərin müəllimləri "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşlar.
Rayon ərazisində böyük vüsətlə aparılan tikinti-quraşdırma işləri ilə yanaşı genişmiqyaslı abadlıq işləri də görülür. Cari ildə magistral yollara 342000 kvadratmetr, məhəllədaxili yollara 9200 kvadratmetr asfalt örtüyü vurulub. Hazırda Zərdabi və Şərifzadə küçələrində bu istiqamətdə işlər davam etdirilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun daxili imkanları hesabına abadlıq-quruculuq işləri bu il də davam etdirilib. Parkda böyük zövqlə səliqə-sahman işləri aparılmış, müasir işıqlandırma sistemi ilə təchiz edilmiş, ətrafı qərb-şərq üslublarını əks etdirən metal konstruksiyalı məhəccərlərlə əhatə olunmuşdur. Parkın yaxınlığındakı binaların fasadları yüksək zövqlə təmir olunmuş, ərazi bütünlüklə abadlaşdırılmışdır. Parkın açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.
Rayon sakinlərinə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, onların ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi məqsədi ilə Şərifzadə küçəsindəki Rabitə və Nəqliyyat Kollecinin arxa tərəfindəki ərazidə nümunəvi yarmarka yaradılıb. Yasamal bələdiyyəsi tərəfindən Şərifzadə küçəsində "Xeyir-şər" evinin tikintisi başa çatdırıldı və ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə açılış mərasimi keçirildi.
İ. Mehdiyev bildirdi ki, təhsil, səhiyyə müəssisələrinin tikintisi, yenidənqurma işlərində Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu xüsusi qeyd edilməlidir. Respublika əhəmiyyətli Respublika Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Respublika Diaqnostika Mərkəzi, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutu və Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində əsaslı təmir və yenidənqurma işləri başa çatdırıldı və ən müasir tibb avadanlıqları ilə təchiz edilərək istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu səhiyyə ocaqlarının açılış mərasimlərində iştirak etmişlər.
Rayon sakinlərinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülüb. "Ünvanlı Dövlət Sosial Yardımı" Dövlət Proqramı çərçivəsində Yasamal Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 17245 nəfər üzvü olan 4417 ailəyə sosial yardım verilir. 5973 nəfər sosial müavinət alır. 364 nəfər tənha və kimsəsizə sosial-məişət, tibbi xidmət göstərilir, maddi və digər yardımlar olunur. 325 nəfər Böyük Vətən Müharibəsi, 20 Yanvar və Qarabağ Müharibəsi əlilləri Prezident təqaüdü alır. 19 nəfərə isə pulsuz avtomobillər verilib.
Rayonda yaradılmış Heydər Əliyev Mərkəzində həmişə böyük canlanma olur. Mərkəzdə ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi ilə yanaşı, fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş konfranslar, dəyirmi masalar, açıq dərslər keçirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. Mətbuat prospektindəki parkda möhtəşəm Gül bayramı keçirilərək qüdrətli şəxsiyyətin əziz xatirəsi yad edildi.
Yasamal rayonunda vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılması həmişə diqqət mərkəzində olub. Bu məqsədlə rayon icra hakimiyyəti başçısının ayda iki dəfədən az olmayaraq sakinlərlə səyyar görüş-qəbulları keçirilir. Builki qəbullarda 1550 nəfərdən çox rayon sakini iştirak edib. İcra hakımiyyətinə 1249 müraciət olunub. Buna baxmayaraq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələləri müntəzəm diqqət tələb edən sahədir və bu sahəyə nəzarət daim gücləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıq və tövsiyələr istər rayon icra hakimiyyətinin, istərsə də digər qurumların qarşısında bir sıra vəzifələr qoyur. Həmin vəzifələrin layiqincə icrasının təmin olunması üçün bütün strukturlar öz fəaliyyətlərini qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində qurmalıdırlar. Bu baxımdan Yasamal Rayon İcra Hakimiyyəti öz üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edir. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün tapşırıqları yüksək məsuliyyətlə və tam həcmdə icra olunur.
Rayon Polis Şöbəsinin rəisi İsmayıl Əsədov ötən dövr ərzində rayon ərazisində narkomaniya və digər neqativ hallara qarşı mübarizə barəsində danışaraq bildirib ki, bu sahədə aparılacaq profilaktik tədbirlər və maarifləndirmə işləri bundan sonra da davam etdiriləcək.
Bütün bunlar bir daha təsdiqləyir ki, Yasamal rayonu sürətli inkişaf yolundadır.