Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirildi

10 fevral 2018 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirildi. Rayon ictimaiyyətinin iştirak etdiyi yığıncaqda İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun hesabat məruzəsi dinlənildi.

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Konfransda möhtərəm cənab Prezident qeyd etdi ki, Azərbaycan xalqı sabitlik və təhlükəsizlik şəraitində yaşayır, ölkəmiz sürətlə və uğurla inkişaf edir. Mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq ölkəmizdə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir.

2017-ci ildə respublikamızın ümumi inkişaf tempinə uyğun olaraq Yasamal rayonunun da iqtisadi göstəricilərində artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmi 297 milyon 800 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 2 milyard 430 milyon 400 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 138,4 və 106 faiz, rabitə xidmətlərinin həcmi 624 milyon 770 min manat olmaqla əvvəlki il ilə müqayisədə artaraq 103 faiz təşkil etmişdir. Bir işçiyə orta aylıq əmək haqqı 3,7 faiz artaraq 645,7 manat hesablanmışdır. Hesabat dövründə rayonda 6967 yeni iş yeri açılmışdır. Onlardan 4039-u fiziki şəxslər, 2928-i hüquqi şəxslərin yaratdıqları iş yerləri olmuşdur. Yasamal rayon Məşğulluq Mərkəzinə 3512 nəfər müraciət etmişdir. Onların 3267 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, onlardan 1649 nəfər “Ərazi Məşğulluq Proqramı”na əsasən daimi işlə təmin edilmişdir. İşsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 608 nəfərə işsizlik statusu verilmiş, 635 nəfər vətəndaşa işsizlik müavinəti təyin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində son 2 ildə respublikada on minlərlə ictimai iş yerlərinin açılmasını və bu tədbirin işsizliyin kifayət qədər azalmasına müsbət təsir göstərdiyini qeyd etmişdir. Bu məqsədlə ötən ildə dövlət büdcəsindən Yasamal rayonuna 3 milyon 275 min manat vəsait ayrılmış, çoxmənzilli yaşayış binalarının təmiri üzrə 346, abadlıq və təmizlik işləri üzrə 293 nəfər rayon sakini işlə təmin edilmişlər. Yeni iş yerlərinin açılması ilə eyni zamanda təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi ilə əlaqədar işlər davam etdirilir. Bu binalardan 11-nin tikinti işlərinə başlanılmışdır. İnşaat işlərinə 750 nəfər işçi qüvvəsi cəlb olunmuşdur. 821 mənzilli 19 yaşayış binasının və 228 fərdi yaşayış evinin, cəmi 1049 mənzil və fərdi yaşayış evinin sökülərək yeni layihələr üzrə 302536 kv.m ümumi sahəsi olan ümumilikdə 3372 mənzilin tikilməsi nəzərdə tutulur. Hal-hazırda Abbas Mirzə Şərifzadə küçəsi 86 və 122 nömrəli yaşayış evlərinin tikinti-quraşdırma işləri başa çatdırılmışdır, mənzillərdə təmir-tamamlama işləri aparılır. Yaxın vaxtlarda yaşayış evləri sakinlərin istifadəsinə veriləcəkdir.

Ölkə Başçısının təşəbbüsü ilə paytaxt Bakıda həyata keçirilən “Pilot” layihənin özəlliklərindən biri də ondan ibarətdir ki, artıq çoxmərtəbəli yaşayış binaları boş sahələrdə deyil, qəzalı və yaşayış üçün yararsız binaların yerində inşa edilir. “Pilot” layihənin icrası 10 illiklər boyu qəzalı evlərdə təhlükə altında yaşayan insanların mövcud mənzillərindən sahəsi 20 faizdən artıq yeni təmirli mənzillərlə təmin edilərək mənzil–məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət etməklə bərabər, həmçinin, yeni iş yerlərinin açılmasına, inşaat bazarının canlanmasına və tikinti sektorunun inkişafına öz müsbət təsirini göstərir.

Bakı şəhərinin hələ SSRİ dövründə bir-neçə dəfə təsdiq olunmuş Baş Planında paytaxtın ən böyük problemlərindən biri “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi olmuş, lakin çox böyük vəsait tələb olunduğundan bu məsələ öz müsbət həllini tapmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən irimiqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq reallaşdırılmışdır. 26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilmiş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq və Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar “Sovetski” adlanan ərazidə müasir yeni yol infrastrukturu istismara verilmiş, ərazidə böyük həcmdə abadlıq-quruculuq işləri həyata keçirilməyə başlanmışdır. Hal-hazırda Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar işlər davam etdirilir. Burada 9814 ünvanda ölçü işləri aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2017-ci il mayın 30-da yeni inşa olunmuş yolun birinci mərhələsinin açılışında, avqustun 9-da ikinci mərhələnin açılışında iştirak etmişlər. Bu ərazidən köçürülən sakinlər Bakı şəhərinin müxtəlif yerlərində yüksək həyat şəraitinə malik yaşayış evlərində yeni mənzillər alaraq rifahlarının yaxşılaşdırılmasına görə ölkə başçısına çoxsaylı təşəkkür və minnətdarlıq məktubları və teleqramları ünvanlamışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Sovetski” adlanan ərazidəki istifadəyə yararsız evlərin satınalınması işlərinin davam etdirilməsi məqsədi ilə 2018-ci ildə “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilmişdir. Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir. Artıq bu məqsədlə vəsait ayrılmış, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdiilməsi məqsədilə tenderlər keçirilmişdir. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir.

“Sovetski” ərazisində Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar söküntüyə məruz qalmış Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında, görünüş etibarilə göz oxşayan məscidin yeni binası inşa olunur. Tikinti işləri artıq başa çatdırılmışdır, hal-hazırda tərtibat işləri icra olunur, məscidin yaxın zamanda dindarların istifadəsinə verilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi xətti ilə rayonda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır, yaxın gələcəkdə paytaxtımızı daha bir dini tarixi memarlıq abidəsi bəzəyəcəkdir. Hesab edirəm ki, dünyada baş verən iqtisadi böhran, yaxın keçmişdə respublikamızda yaşanan bir çox iqtisadi çətinliklərin fonunda dini abidələrimizə olan bu qayğı ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərimizə sayqının, dinimizə, inanc sahiblərinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.

Hal-hazırda Yasamal rayonunda dövlət əhəmiyyətli daha bir tədbirin - Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissısində 11,6 hektar torpaq sahəsində tikinti işləri davam etdirilməkdədir. Bu kompleksdə inşa olunacaq 29 yaşayış binasında 1843 mənzil yaşayış üçün tam yararlı şəraitlə təmin edilərək vətəndaşlara təklif olunacaqdır. Yaşayış kompleksində bütün infrastruktur və sosial təyinatlı oblektlər, o cümlədən 240 yerlik uşaq bağçası və 960 sagird yerlik tam orta məktəb sakinlərin istifadəsinə veriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi paytaxtın Yasamal rayonunda da mərhələli və planlı şəkildə abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda, həmçinin, digər infrastruktur sahələrdə yenidənqurma və əsaslı təmir işləri aparılması təmin edilməlidir. Son illərdə Bakı şəhərində əsaslı yenidənqurma işləri aparılaraq nümunəvi məhəllələrin yaradılması işləri həyata keçirilməkdədir. Bununla şəhərin ekoloji mühiti xeyli sağlamlaşdırılmalı, şəhər sakinlərinin, xüsusilə azyaşlı və ahılların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait təmin olunmalıdır. “Abad məhəllə” layihələrinin icrası təşəbbüsünü davam etdirmək məqsədi ilə ötən ilin ikinci yarısında Yasamal rayonu ərazisində 3 ünvanda nümunəvi məhəllələrin yaradılması və sakinlərin istifadəsinə verilməsi sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial problemlərinin həllinə dair tapşırıqları və bu sahədə yaranmış problemlərin həlli daim rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılmalıdır. Yasamal rayonunun kommunal xidmətlərinin verdikləri məlumatlara əsasən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq 2016-2017-ci illərin payız-qış mövsümündə əhalinin kommunal, məişət və digər xidmətlərə olan tələbatının ödənilməsi sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmiş, rayon sakinlərinin, hüquqi və fiziki şəxslərin təbii qaz, elektrik enerjisi və içməli su ilə təchizatı məsələsi bütünlüklə həll edilmişdir.

Hesabat dövründə Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi tərəfindən Məhəmməd Xiyabani, İbrahim Əbilov, Nazim Hikmət, Abbas Mirzə Şərifzadə, Ələsgər Ələkbərov, Əlibəy Hüseynzadə, Mikayıl Müşfiq küçələri və digər ünvanlarda elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədi ilə yeni transformator quraşdırılmış, Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yeni transformator məntəqəsi tikilmişdir. Milli Onkologiya Mərkəzinin, Bəşir Səfəroğlu, Murtuza Muxtarov küçələrindəki yaşayış evlərinin elektrik təchizatının daha yüksək səviyyədə təşkili üçün yeni kabel xəttləri çəkilmişdir. 84674 abunəçinin 99,9 faizi sayğacla təmin edilmişdir.

Ötən il Yasamal rayon Su-kanal İdarəsi tərəfindən su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilərək 88405 abunəçi su ilə təmin edilmiş, 2016-cı il ilə müqayisədə fasiləsiz su ilə təmin olunan abunəçilərin sayı 5 faiz artırılaraq 2017-ci ildə 80 faizə çatdırılmışdır. Pilot layihə çərçivəsində işlər davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında” 11 noyabr 2016-cı il tarixli 2432 nömrəli sərəncamından irəli gələn işlərin icrası təmin olunmuşdur.

2017-ci ildə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən əhalinin, hüquqi və fiziki şəxslərin istiliklə təchizatı sahəsində işlər davam etdirilmişdir.

Ümumilikdə rayon ərazisində 400 yaşayış binası, 13 məktəb, 15 körpələr evi-uşaq bağçası, 14 səhiyyə müəssisəsi, 14 büdcə və 106 qeyri-dövlət təşkilatı İstilik Sistemləri İstismar Sahələri tərəfindən istiliklə təmin olunur. Bununla, əvvəlki il ilə müqayisədə ötən il 400-dək daha çox mənzilin istiliklə təminatı müsbət həll edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Yasamal rayon tam orta məktəblərinin təhsildə yüksək göstəriciləri ilə fərqlənən 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində I tur 2017-ci ilin martın 23-dən 26-dək Naxçıvan Muxtar Respublikasına, II tur noyabrın 11-dən 14-dək Lənkəran-Masallı-Astara bölgələrinə səfərləri təşkil olunmuşdur. I turda 27, II turda 40 nəfər əlaçı şagird 4 gün müddətində Yasamal rayon İcra Hakimiyyətinin məsul işçilərinin, həkim və müəllimlərin müşayiəti ilə tarixi-mədəniyyət abidələri və muzeylərlə, füsunkar təbiət mənzərələri, səyahət etdikləri regionun mədəniyyəti, adət-ənənələri ilə tanış olmuşlar. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi, milli, mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir ki, bu tədbirlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxın və uzaq gələcəyə hesablanmış müdrik qərarlarının tərkib hissəsi olaraq dəyərləndirilməlidir. Bu ekskursiyalar, həmçinin, ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Respublikasının Prezidenti cənab İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaratmışdır. Tur aksiyanın II turunda Lənkəran şəhərində respublikamızın 9 rayonundan 70 komandanın iştirak etdiyi “Nə? Harada? Nə zaman?” intellektual yarışmasında Yasamal rayon məktəbliləri öz bilik və bacarıqlarını nümayiş etdirmiş, iki mərhələdən ibarət olan oyunda şagirdlər daha yaxşı intellektual biliklər nümayiş etdirərək bütün mərhələlərdə qalib gəlmiş, 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, üç kubok, medallar, sertifikatlar, eləcə də səfərlə bağlı bol təəssüratlarla qayıtmışlar. Bakı Biznes Universitetində universitet rektorluğunun təşəbbüsü, Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal məktəbliləri arasında “Ölkəmizi tanıyaq” mövzusunda inşa-yazı müsabiqəsinin təşkil olunması müsbət təcrübə kimi gələcəkdə daha çoxşaxəli tədbirlərin keçirilməsinə stimul verməlidir. Məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində cənub bölgəsinin tarixi, abidələri, muzeyləri, təbiəti, sosial-iqtisadi inkişafı və milli mətbəxi ilə bağlı təəssüratlarını bir saat ərzində özlərinin inşa yazılarında əks etdirmişlər. Müsabiqənin nəticələrinə əsasən Bakı Biznes Universiteti tərəfindən birinci yer tutan qalibə - noutbook, ikinci yerin sahibinə - planşet, üçüncü yerə görə - qol saatı hədiyyə olunmuşdur və qaliblərə universitetin diplomları, həmçinin, inşa-yazı müsabiqəsində fərqlənən digər şagirdlərə sertifikatlar təqdim olunmuşdur. Valideynlər, məktəb rəhbərlikləri və şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində səyahətlərin təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğinə xidmət edən Heydər Əliyev Mərkəzinə Yasamal rayonunda fəaliyyət göstərən kollec tələbələrinin və tam orta məktəb şagirdlərinin təsdiq edilmiş qrafikə uyğun olaraq kütləvi ekskursiyaları ötən il də davam etdirilmişdir. Mərkəzdə ilboyu müxtəlif mövzularla əlaqədar mühazirələr, seminar və konfranslar, tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ötən il də fevral ayından başlayaraq rayonun səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi davam etdirilmiş, müəyyən olunmuş müddətdə icbari tibbi müayinə tədbirlərinin yüksək keyfiyyətlə başa çatdırılması rayonun səhiyyə müəssisələri tərəfindən təmin olunmuşdur.

Statistik rəqəmlərin təhlili göstərir ki, vətəndaşların rayon İcra Hakimiyyətinin elektron ünvanı və saytına müraciətləri getdikcə daha da artmaqdadır. 2017-ci ildə daxil olmuş müraciətlərin 2861-i ərizə, 438-i şikayət, 1861-i yuxarı və mərkəzi icra hakimiyyəti orqanlarından, 2016-cı ildə bu müraciətlərin sayı 2169 olmuşdur, o cümlədən 2016-cı ildə 364, ötən il 157 müraciət nəzarətlə daxil olmuşdur. Daxil olmuş müraciətlərin say etibarilə təhlili göstərir ki, azalmaya səbəb Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar alqı-satqı əməliyyatlarının nisbətən səngiməsi, həmçinin, “Pilot” layihə çərçivəsində qəzalı binalardan sakinlərin köçürülməsinin başa çatdırılması ilə əlaqədar rayon sakinləri tərəfindən rayon İcra Hakimiyyətinə daha az ərizə və şikayətlərin ünvanlanmasıdır.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir. Ötən illərdə olduğu kimi bu il də ölkəmizdə bir sıra mühüm tədbirlər, o cümlədən beynəlxalq tədbirlər keçiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2018-ci il “Cümhuriyyət ili” elan olunmuş və tədbirlər planı təsdiq edilmişdir. Bu sərəncam xalqımızın mütləq əksəriyyəti tərəfindən çox böyük rəğbətlə və ruh yüksəkliyi ilə qarşılanmılşdır. Mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaqdır.

2018-ci ilin daha çox əlamətdar hadisəsi, heç şübhəsiz ki, Azərbaycan Respublikası Prezidentinin seçkiləri olacaqdır. Artıq respublikamızın digər rayonlarında olduğu kimi seçkilərə hazırlıq işlərinə başlanmışdır. Ünvanlar dislokasiyasının və daimi seçici siyahılarının dəqiqləşdirilməsi işləri rayon İcra Hakimiyyəti Başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, dairə və məntəqə seçki komissiyaları, rayon bələdiyyəsi, rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi və tabeliyindən asılı olmayaraq Mənzil-Kommunal İstismar Sahələri, həmçinin, mənzil-tikinti kooperativlərinin fəaliyyətinin koordinasiya olunması ilə həyata keçirilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar “Yerli icra hakimyyətləri haqqında Əsasnamə”, Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatların üzərinə bir sıra mühüm vəzifələr qoyulmuş, onların icrası üçün müddətlər müəyyən edilmişdir. Bu və digər məsələlər Yasamal rayon İcra hakimiyyətinin, digər aidiyyəti qurumların məsul şəxslərinin üzərinə mühüm vəzifələr qoyur.

Ötən ilin yekunlarına həsr olunmuş toplantıda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkillərindən Ülvi Quliyev, rayon Polis Idarəsinin rəisi Isfəndiyar Mehbalıyev, 31 saylı məktəbin direktoru Kərim Abidi, Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Məhərrəm Sadıxov, rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rəhimov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış etdilər.

Tədbiri yekunlaşdıran rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov əminliklə vurğuladı ki, həmişə olduğu kimi qarşıda müəyyən olunmuş bütün vəzifələrin öhdəsindən layiqincə, vaxtında və yüksək keyfiyyətlə gəlməyə çalışacağıq, rayonda 2018-ci ildə inkişaf tempi uğurla davam etdiriləcəkdir.

Yığıncağın sonunda Prezident Ilham Əliyevə müraciət qəbul olundu.

 

Keçidlər