20 Yanvar - Qəhrəmanlıq səhifəsi
1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Sovet ordusu Bakıda, respublikamızın digər şəhər və rayonlarında xalqımıza qarşı kütləvi qırğınlar törətdi, milli azadlıq mübarizəsi xalqımızı müstəqilliyə qovuşdurdu. İndi həmin tarixdən bizi 28 il ayırır.
Yasamal rayon İcra Hakimiyyəti M.Müşfiq adına 18 nömrəli məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş rayon tədbiri keçirdi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal Məhkəməsinin sədri Araz Hüseynov, Dövlət Təhlükəsizlik Xidmətinin Yasamal rayon idarəsinin rəisi İlham Qasımzadə, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin direktoru Vüqar Abdullayev, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, SHXÇDX Yasamal rayon idarəsinin rəisi Polad İbrahimov,rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qonaqlar iştirak etdilər.
Yığıncaq başlamamışdan öncə 20 Yanvar şəhidlərinin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Süleymanova vurğuladı ki, hər bir xalqın milli birliyi, milli özünüdərkin səviyyəsi məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslər və çağırışlara vəhdətdə özünü əyani göstərir. 28 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar mübarizə nümayiş etdirməsi tariximizə yeni bir mübarizə səhifəsi yazdı-Qanlı Yanvar səhifəsi. 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəli günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu.
Daha sonra çıxış üçün söz Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamova verildi. O qeyd etdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il ötür. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldı. Böyük itkilərə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi ermənipərəst, satqın Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan xalqımızın mübarizliyini, əzmkarlığını, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar faciəsində Sovet silahlı cəza dəstələri tərəfindən 100 nəfərdən çox insanın öldürülməsi və 744 nəfərin yaralanması onu təsdiq edir ki, azadlıq və müstəqillik uğrunda gedən mübarizənin bütün mərhələlərində hər bir azərbaycanlı fədakarlıq göstərməyə, hətta ölümə belə hazır idi. 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev 1990-cı il yanvarın 21-də öz həyatını real təhlükə qarşısında qoyaraq ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, ifşaedici və cəsarətli bir bəyanat vermişdi. Ulu öndərin bəyanatında xalqımıza qarşı törədilmiş qanlı cinayət pislənmiş, bu aksiyanın məsuliyyətinin o dövrki SSRİ və Azərbaycan rəhbərliyinin üzərinə düşdüyünü bildirmiş və bütün azərbaycanlıları həmrəyliyə çağırmışdır. Az sonra Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il nəyabrın 24-də yanvar hadisələrinə ilk siyasi qiymət verdi.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov öz çıxışında ulu öndər Heydər Əliyevin belə bir fikrini xatırlatdı:”1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir”.
Sonra şəhid Şövkət Ağayevin həyat yoldaşı Həqiqət Babayeva, Respublika “20 Yanvar” fondunun sədri Maral Zamanova, İnnovativ Təşəbbüslər İctimai Birliyinin sədri Əşrəf Əhmədov çıxış etdilər.
20 Yanvara həsr olunmuş anım mərasimində “Bayrağımız qürurumuzdur” adlı film nümayiş etdirildi. Həmçinin 18 nömrəli məktəbin şagirdlərin ifasında faciə ilə bağlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.
Tədbiri məktəbin direktoru Rəna Süleymanova yekunlaşdıraraq vurğuladı ki, məktəbdə 20 Yanvar faciəsi ilə bağlı tədbirlər planına uyğun olaraq bir sıra işlər görülmüş, divar qəzetləri çıxarılmış, fotostendlər yaradılmış, rəsm əsərləri hazırlanmışdır.