20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi
Yanvarın 17- də Yasamal rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Milli Qəhrəman Əliyar Yusif oğlu Əliyevin xatirəsinə həsr olunan “Pəhləvan komandir” və Azərbaycanın Milli Qəhrəmanı, Tərtər özünümüdafiə batalyonunun ilk komandiri Elman Hüseynova həsr olunan “İlk komandir” sənədli filmləri nümayiş olundu.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsinin məsləhətçisi K.Ələkbərova, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Ü.Mütəllimova, rejissor, əməkdar incəsənət xadimi Nizami Abbas, Milli qəhrəmanların ailə üzvləri, C. Naxçivanski adına hərbi Liseyin mayoru N. Rəhimov, kursant–gizir heyəti və digər qonaqlar iştirak etdilər.
Tədbir iştirakçıları öncə Mərkəzin “ Muzey” bölməsi ilə tanış oldular, bələdçilər tərəfindən dünya miqyaslı siyasətçi, tarixi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan bəhs edən fotolar və eksponatlar haqqında onlara ətraflı məlumat verildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Günel Həsənova açaraq 20 Yanvar hadisəsinin xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biri olduğunu qeyd etdi.
Sonra Milli Qəhrəmanlara həsr edilmiş filmlərin nümayişi olundu.
Sonda filmlərin ssenari müəllifi və rejissoru Nizami Abbas Azərbaycan torpaqlarının ərazi bütövlüyü və azadlığı uğrunda canını fəda etmiş qəhrəman övladlarımızın keçirdiyi şərəfli döyüş yolu ilə insanları yaxından tanış etmək, yeniyetmə və gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanması və onlarda qələbə ruhunun yüksəldilməsi baxımından bu səpkidə çəkilmiş ekran əsərlərinin əhəmiyyətindən danışdı.