Şriftin ölçüsü :

Saytın rəngi :

Purple Kids Tədris İnkişaf Mərkəzində yeni il şənliyi

30 dekabr 2017 | 11:00

Yasamal rayonunda fəaliyyət göstərən “Purple Kids” Tədris İnkişaf Mərkəzində yeni il şənliyi keçirildi. Şənlikdə balacalar, tərbiyəçilər, psixoloqlar və valideyn kollektivi iştirak etdi. Bayram karnavalında şagirdlər və bütün pedaqoji heyət nağıl qəhrəmanlarının libaslarında çıxış etdilər. Onlar hazırladıqları tamaşanı nümayiş etdirdilər.

Mərkəzin təsisçisi Nərgiz Əliyeva qonaqları və balacaları salamlayaraq bildirdi ki, mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, onların aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.Eləcə də autizmdən əziyyət çəkən uşaqlarla lazım olan psixokorreksiya işlərinin təşkili və aparılması, onların ailələrinə lazım olan professional psixoloji yardımın göstərilməsi, onlarda yaranmış komplekslərin və problemlərin korreksiyası istiqamətində tədbirləri təşkil etməkdir .Bu mərkəzdə autizm sindromundan əziyyət çəkən uşaqların müalicə və reabilitasiyası məqsədi ilə bu gün dunyada özünü doğrultmuş müasir reabilitasiya metodlarından istifadə edilir.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək balacaları, valideynləri və pedaqoji heyəti 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2018-ci ilin gəlişi münasibətilə təbrik etdi. Mərkəzin tərbiyəçilərinə, psixoloqlarına çətin, məsuliyyətli işlərində uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycanda autizmli uşaqların reabilitasiyası ilə məşğul olan bu cür mərkəzlərin  fəaliyyət göstərməsi çox sevindirici haldır, çünki ilkin mərhələdə nə edəcəyini bilməyən valideynlərə yardımçı və dəstək olurlar.

Bayram tədbirində balacalar musiqi və rəqs nömrələri ilə valideynlərə sevinc bəxş etdilər, şaxta baba və qar qızın  gəlişi isə balacalara sürprizlərlə dolu anlar yaşatdı.

Keçidlər