“Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri” ictimai birliyinin hesabat yığıncağı keçirildi
Yasamal rayonunda “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyinin Yasamal rayon təşkilatının 2017-ci ilin yekunlarına dair hesabat iclası keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Gündəlik təsdiq olunduqdan sonra “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev çıxış edərək təşkilatın cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Diqqətə çatdırdı ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məqsəd vətənpərvər insanların yüksək statusunun daim nümayiş etdirilməsi, onların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi, eləcə də vətənpərvərlik hisslərinin təşviq olunmasıdır.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” ictimai birliyinin sədr müavini Şura Məmmədov öz çıxışında hesabat dövründə Yasamal rayon təşkilatının nüfuzunun yüksəldilməsi, fəallığının artırılması istiqamətində mühüm addımlar atdığını bildirdi. Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştirakına müsbət təsir göstərib gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, döyüş hazırlığı və müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlərdən danışdı. Bu baxımdan maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd etdi.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, təşkilat gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün yerli və beynəlxalq səviyyəli mədəni-kütləvi, ictimai-siyasi tədbirlər keçirib. Hazırda Azərbaycanın müharibə şəraitində yaşadığını vurğulayan Təravət Muradova qeyd etdi ki, Prezident İlham Əliyev Ali Baş Komandan kimi tez-tez cəbhə bölgələrinə səfərlər edir, şəxsi heyətlə görüşlər keçirir, hərbçilərimizin vəziyyəti ilə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülür, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Məhz bu baxımdan gənclərimizin hərbi-vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi işində təşkilatın üzərinə böyük məsuliyyət düşür. Veteranlar bu işdə fəal iştirak edirlər. Onlar üzərlərinə düşən məsuliyyəti dərk edərək bu istiqamətdə səylərini daha fəal şəkildə davam etdirməlidirlər.
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digərləri çıxış edərək bu qəbildən olanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl işləri məmnunluqla vurğuladılar. Təşkilatın hesabat dövründəki fəaliyyətinin uğurlu olduğunu və bu qurumdakı sağlam, işgüzar mühiti qoruyub saxlamağın vacibliyini qeyd etdilər.
Sonda bir qrup şəxsə “ Vətən naminə” medalları təqdim olundu.