Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin xalqımıza əmanətidir

11 dekabr 2017 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə keçirdiyi Ulu Öndərin anım gününə həsr olunmuş mərasimdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra ruhuna Qurani-Kərimdən ayələr oxundu. Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

Mərasimdə Ulu Öndərin siyasi fəaliyyəti, müstəqilliyimizin əbədiliyi naminə göstərdiyi xidmətlər, Azərbaycan xalqının firavan yaşaması naminə apardığı islahatların əhəmiyyəti barədə danışan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ümummilli Liderin ölkəyə rəhbərliyinin hər iki mərhələsini ölkəmizin qüdrətlənməsi naminə göstərilən fədakarlıq adlandırdı.Naxçıvan MR Ali Məclisinin Sədri kimi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, gerbini, himnini bərpa etməklə, Dünya Azərbaycanlılarının birlik və həmrəylik gününün təsis olunması ilə bağlı Sərəncamı ilə müstəqilliyimizin əbədiliyini təsdiqləyən Ulu Öndər parçalanmaq təhlükəsi ilə üz-üzə dayanan ölkəmizi gözlənilən təhlükələrdən qorumaq üçün xalqa arxalanaraq daxili və xarici düşmənlərimizə qarşı cəsarətlə mübarizə apardı. Suverenliyini yenicə əldə edən ölkəmizə qarşı törədilən təxribatların, göstərilən təzyiqlərin, daxili çəkişmələrin, dövlət çevrilişlərinə cəhdlərin qarşısını almaqla ən çətin zamanlarda bələdçi kimi Azərbaycanı xaosdan xilas edə bildi, təhlükələrdən qorudu.

Çıxışına “Ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti təkcə Azərbaycan xalqına deyil, bütün dünya ictimaiyyətinə bəllidir” sözləri ilə başlayan Milli Məclisin Elm və təhsil komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli o dövrdəki mürəkkəb proseslərin yaratdığı qarışıqlıqdan istifadə edən qüvvələrə qarşı ağlının, zəkasının qüdrəti ilə qalib gələn Ulu Öndərin xilaskarlıq missiyasından danışdı. Təsadüfi deyil ki, dövlətçilik təcrübəsi dünya siyasətçiləri tərəfindən qiymətləndirilən və təbliğ olunan Ulu Öndərin siyasi məktəbi, bəşəri ideyaları daim öyrənilir, təbliğ edilir. “Əsrin müqaviləsi”ni imzalamaqla uzaqgörən siyasətçi olduğunu təsdiqləyən Heydər Əliyev neft strategiyasını müəyyənləşdirərək Azərbaycanla birlikdə region dövlətləri üçün böyük imkanlar açan enerji və nəqliyyat layihələrinin təməlini qoydu.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbi olduğunu bildirdi. Milli məfkurənin, azərbaycançılıq ideologiyasının formalaşması, milli mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycan xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi təkcə əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu bir həqiqətdir ki, zəruri, mükəmməl, qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizasiyaların dialoq mərkəzinə çevrilmişdir. Səməd İslamov vurğuladı ki,dövrünün elə bir dövlət xadimi olmayıb ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığına yüksək qiymət verib, təcrübəsindən bəhrələnməsin. Dünya şöhrətli, islahatçı lider kimi tanınan və adı həmişə hörmətlə çəkilən ulu öndər siyasi fəaliyyətinin bütün dövrlərində təkcə öz xalqı üçün deyil, bəşəriyyətdə sülhün bərqərar olması naminə çalışmışdır.

BDU-nun professoru, YAP Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü İsmayıl Əliyev, YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Xeyrəddin Qocayev ulu öndərin qətiyyət və tarixi xidmətlərindən danışdılar.Qeyd olundu ki, xalqının müstəqilliyi və azadlığı uğrunda çalışaraq əbədi lider adını qazanan, rəhbər kimi fəaliyyətinə də sivil, hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlardan başlayan ulu öndər bildirirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə nail olmaq nəinki çətindir, hətta müşküldür. Buna görə də yeniliyə, müasirliyə aparan mühüm addımları ilə Azərbaycanın suverenliyini əbədiləşdirən məsələlərin həllini sürətləndirdi. Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa bu, yalnız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətinin bəhrəsidir.

Mərasimdə Xalq artisti Məleykə Əsədova ulu öndərə həsr olunmuş şerlər söylədi.

Keçidlər