Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

08 dekabr 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Yasamal rayon müəssisə və təşkilat rəhbərləri, Qarabağ müharibəsi veteranları, rayon ictimaiyyəti, gənclər və məktəblilər iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Mərkəzin Muzey bölməsi ilə tanış oldular, ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, büstün önünə gül-çiçək dəstələri qoydular.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı.

Öncə ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna xidmətlərindən söz açıldı. Bildirildi ki, Ümummilli Lider xalqın ardıcıl çağırışları və iradəsi ilə Azərbaycanın yenidən bərpa olunan müstəqilliyinin böyük təhlükə ilə üz-üzə qaldığı dövrdə böyük siyasətə qayıdıb. Dahi rəhbərin siyasi zəkası və sarsılmaz qətiyyəti sayəsində ölkəmiz parçalanmaqdan, xaosdan, vətəndaş müharibəsi təhlükəsindən qurtulub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı olan ulu öndər Heydər Əliyev ölkənin iqtisadiyyatını dirçəldib, onun gələcək yüksəlişini təmin edəcək neft müqavilələrinin bağlanmasına nail olub. Eyni zamanda, Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin təməlini qurub, ölkəmizin beynəlxalq nüfuzunun artmasını təmin edib. Müasir, güclü, tərəqqi edən Azərbaycan dövləti Heydər Əliyevin şah əsəri olduğu vurğulandı.

31 saylı tam orta məktəbin tarix müəllimi, fəlsəfə elməri doktoru Aidə Məmmədova ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərsi elan edərək, dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün olmadığını bildirdi.

Sonra Heydər Əliyevin həyatından bəhs edən film nümayiş olundu.

Digər çıxış edənlər diqqətə çatdırdılar ki, ölkəmizin tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılıb, azərbaycançılıq məfkurəsi formalaşdırılıb, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olub. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul olunması ilə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılıb, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülüb. Vurğulandı ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti hazırda dövlətimizin başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan öz güclü iqtisadiyyatı və daha da artan beynəlxalq nüfuzu ilə dünya dövlətləri sırasında önəmli yer tutur.

Keçidlər