Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər müzakirə edildi

07 dekabr 2017 | 11:00

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İcra Hakimiyyətinin akt zalında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Yasamal rayon Narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının məsul katibi Zöhrab Cəfərov açaraq son illərdə Yasamal rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışıb. Natiq çıxışında bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd etdi.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onların təhsil müəssisələri və ictimaiyyətlə qarşılıqlı əlaqəsinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Natiq Qanundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyətindən, yetkinlik yaşına çatmayanların cinayətə meylinin fəsadları və onların məruz qaldıqları zorakılıq müdafiəsindən, təhsildən yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınmasında daxili işlər orqanlarının rolundan danışdı.

Yasamal rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Süleymanov çıxışında tədbir iştirakçılarına dini radikalizmin zərərli təsirləri haqqında məlumat verdi.

Narkoloq həkim Elçin Haqverdiyev yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?” mövzusunda narkotikin törətdiyi silinməz fəsadlar haqqında yeniyetmələri maarifləndirdi.

Tədbirdə həmçinin Yasamal rayon Qeydiyyat Şöbəsinin rəisi İlahə Ələsgərova “Yetkinlik yaşına çatmayanların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzusunda çıxış etdi.

Toplantıda rayon polis idarəsinin, icra hakimiyyətinin nümayəndələri, eləcə də məktəb direktorları və psixoloqlar, gənclər, məktəblilər , narkoloqlar iştirak etdilər.

Çıxışlardan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hazırladığı videoçarx nümayiş etdirildi.

Keçidlər