Mehriban Əliyeva Bakinin Yasamal rayonundaki 325 nömrəli uşaq bağçasinin yenidənqurmadan sonraki vəziyyəti ilə taniş olub
İyulun 10-da Bakı Şəhər İcra Hakimiyyətinin Yasamal rayonundakı 325 nömrəli uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva təmir və yenidənqurmadan sonra bağçadakı şəraitlə tanış olublar.
Məlumat verildi ki, ümumi sahəsi 2100 kvadratmetr olan bağça 1963-cü ildən istifadədədir. İkimərtəbəli binada təmir və yenidənqurma işlərinə yeddi ay əvvəl başlanılıb və keyfiyyətlə sona çatdırılıb. Bağçanın həyəti abadlaşdırılıb, ərazidə 300-dən çox həmişəyaşıl ağac, 2 mindən çox dekorativ gül kolu əkilib. Eyni zamanda, uşaqların bağçanın həyətində istirahət edib əylənmələri üçün lazımi şərait, müxtəlif oyun guşələri yaradılıb, yelləncəklər quraşdırılıb. Bağçada 5 qrupda 100 uşaq məktəbə hazırlıq keçir.
Mehriban Əliyeva otaqları gəzdi, burada balacalar üçün yaradılan şəraitlə maraqlandı. Diqqətə çatdırıldı ki, təhsilin ilkin mərhələsinə yiyələnən 3 yaşından 6 yaşınadək olan uşaqlar burada həm də musiqi və idmanla məşğul olacaqlar. Bağça hər cür dərs ləvazimatı ilə təchiz edilib. Binada tibb, mətbəx, kitabxana, dərs, yataq otaqları, yeməkxana vardır. Uşaqların təlim-tərbiyəsi ilə 26 nəfər məşğul olacaqdır.
Mehriban Əliyeva uşaqların qidalanması və istirahəti ilə maraqlandı.
Heydər Əliyev Fondunun hədiyyəsi olan 2 soyuducu, 2 televizor, 2 xalça və elektron piano bağçaya təqdim edildi.
Mehriban Əliyeva görülən işlərdən razılığını bildirdi.