“Ölkəmizi tanıyaq” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldılar
Bakı Biznes Universitetində universitetin təşəbbüsü Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal məktəbliləri arasında “Ölkəmizi tanıyaq” mövzusunda inşa-yazı müsabiqəsi keçirildi.
Məktəblilər öncə Bakı Biznes Universitetinin Heydər Əliyev Mərkəzi, kitabxanası, tələbələrin yaratdığı guşələrlə yaxından tanış oldular və bu ali təhsil müəssisəsinin fəaliyyəti haqqında maarifləndirildilər.
Universitetin rektoru, professor İbad Abbasov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini və bu turun keçirilməsində ölkə başçısının bu sahəyə olan qayğısının bariz nümunəsi olduğunu vurğuladı. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse- prezident xanım Mehriban Əliyevanın təhsilə, səhiyyəyə, mədəniyyətə, idmanın inkişafına diqqəti, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə dövlət dəstəyindən, ölkəmizdə siyasi-sabitliyin qorunub saxlanmasından, Azərbaycanın dünyəvi, tolerant, multikultural dövlət olmasından, gənclərin intellektual səviyyəsinin yüksəldilməsindən söz açdı.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün formalaşmasında və inkişafında, onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolunu diqqətə çatdırıb, şagirdlərə təhsildə uğurlar arzuladı.
Sonra inşa-yazı müsabiqəsinin əhəmiyyətindən danışdı və şərtləri barədə məlumat verdi. Qeyd olundu ki, məktəblilər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində noyabrın 11-dən 14-dək Lənkəran, Masallı və Astara rayonlarında olublar. Onlar həmin rayonların tarixi, abidələri, muzeyləri, təbiəti, sosial-iqtisadi inkişafı və milli mətbəxi ilə bağlı ətraflı məlumatlar əldə ediblər. Bildirildi ki, şagirdlər inşa yazılarında “Ölkəmizi tanıyaq” tur-aksiyası barədə təəssüratlarını bir saat ərzində əks etdirəcəklər.
40 şagirdin qatıldığı inşa-yazı müsabiqəsinə start verildi.
Müsabiqənin nəticələrinə əsasən birinci, ikinci və üçüncü yerləri tutan məktəblilərə universitetin diplomları və qiymətli hədiyyələr, fərqlənən 10 şagirdə isə sertifikatlar təqdim olundu.
“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəranda keçirilən “Nə?, Harada?, Nə zaman?” intellektual yarışda da doqquz rayondan 70 komanda qatılmışdır. İki turdan ibarət yarışda Yasamal rayonunun məktəbliləri birinci, ikinci və üçüncü yerləri tutub, üç kubok, medal və sertifikatlarla paytaxta qayıtmışdırlar.