Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr – Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi

11 noyabr 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 12 noyabr – Konstitusiya gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə müəssisə və təşkilat rəhbərləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov və tələbələr iştirak etdilər.

İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular. Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Zeynalzadə Azər açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Sonra 12 noyabr – Konstitusiya gününə həsr olunmuş film nümayiş olundu.

ADMİU YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov isə çıxışında bildirdi ki, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Tədbir bədii hissə ilə davam etdirildi.

Keçidlər