“Ölkəmizi tanıyaq” tur-aksiyasında Yasamal rayonundan 40 məktəbli iştirak edəcək
Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra məktəblilər ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov bildirib ki, artıq dördüncü ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
S.İslamov qeyd edilib ki, bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3213 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 17 minə yaxın olacaq.Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 11-14-də Yasamal rayonundan olan 40 məktəbli Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağlarına, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.
Bakı Biznes Universitetinin rektoru İbad Abbasov bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bu bölgə sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev şəhid ailələrinə, Qarabağ uğrunda döyüşən, əlil olan insanlara diqqət və qayğı göstərilməsinin vacibliyindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlar, “Böyük qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə də məktəblilərə məlumat verib.
Sonra tədbirdə çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirib ki, Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Nüfuzlu beynəlxalq turnirlərdə, idman yarışlarında, dünya və Avropa çempionatlarında, eləcə də olimpiadalarda yüksək yerlər tutan azərbaycanlı idmançılar öz nailiyyətləri ilə bunu təsdiqləyiblər.
Qeyd olunub ki, aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.
31 saylı məktəbin valideyni Nazilə Ağayeva və Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Vaqif Məmmədzadə ölkə başçısının aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söz açdılar və öz təşəkkürlərini bildirdilər.
Tədbirdə məktəblilərin Vətənə həsr etdikləri şerlər və İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında nümayiş olunan bədii kompozisiya maraqla qarşılanıb.