Yasamalda Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü qeyd olundu
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə çiçək dəstələri qoyublar. Daha sonra tədbir akt zalında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar "Səs" qəzeti vasitəsilə Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi”.
YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov çıxış edərək bildirdi ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır: “Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 25 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir”.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında dedi ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır: “İllər öncə Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi bu fikirlərin nə qədər dolğun, indiki reallıqları əks etdirdiyinin şahidi oluruq. Müstəqilliyin ilk illərində baş verən hadisələr hər birimizin yadındadır. Qısaca olaraq qeyd etmək lazımdır ki, insanların sabaha inamının olmadığı bir zamanda meydana gələn və az vaxtda böyük bir qüvvəni ətrafında toplamağı bacaran Yeni Azərbaycan Partiyası müstəqilliyin qorunub saxlanması və daha da möhkəmlənməsində misilsiz işlər gördü”.
YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca çıxışında bildirdi ki, Azərbaycanın ağır günlərində yaranmış YAP üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdi: “Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya hüquqi, demokratik dövlət quruculuğuna öz töhfələrini verib. Xoşbəxt o xalqdır ki, onun Ümummilli Lideri var. Çünki lider xalqı daim irəli aparır. Azərbaycan xalqı da Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf və tərəqqi yolundadır. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir".
SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın keçdiyi 25 illik şərəfli yoldan danışdı: “Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda vəziyyət dözülməz idi, buna görə də ziyalılar, "91-lər" Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət "SƏS" qəzetində dərc olundu. İndi demək asandır, ancaq həmin vaxt "SƏS" qəzetinin belə bir addım atması olduqca cəsarətli bir addım idi. Çünki Ulu Öndərin Azərbaycana qayıdışını istəməyən qüvvələr hakimiyyətdə idilər və vətənini, dövlətini ağır durumdan çıxarmaq istəyənlərə qarşı əsl terror siyasəti həyata keçirirdilər”.
B.Quliyev vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva diqqətə çatdırı ki, Azərbaycanda gənclər siyasəti həqiqətən də, çox böyük əhəmiyyətə malikdir: “Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir”.
Yasamal rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Səməd İslamov Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs etdi. Bildirdi ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda əsas rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
Səməd İslamov ölkə başçısının tapşırığına əsasən rayonda görülən abadlıq-quruculuq işlərindən, Bakının gözəl parklar şəhərinə çevrilməsindən, son illər ərzində yeni istirahət zonaları yaradılmasından da söz açdı. Yasamal rayonunda bu işlər sürətlə inkişaf edir: Dövlət Dram Teatrının arxasında yeni park salınır,“Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınır, yeni yollar istifadəyə verilir, qəzalı vəziyyətdə olan binaların yerində yeniləri tikilir. Görülən bütün bu işlər bir daha onu göstərir ki, vətəndaşların rahat istirahəti üçün rayonumuzda çox böyük tədbirlər görülür.
Tədbirin sonunda SƏS TV-nin YAP-ın yaranmasının 25 illiyi ilə bağlı hazırladığı film nümayiş olundu. Daha sonra YAP Yasamal rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup şəxsə diplom və fəxri fərmanlar verildi.
Tədbirə bədii hissə ilə yekun vuruldu.