Cavidin zəngin ədəbi irsi ədəbiyyatımıza dəyərli töhfədir
Böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyi və YAP Yasamal rayon təşkilatı ilə birgə tədbir keçirib.
Əvvəlcə Hüseyn Cavidin abidəsi önünə əklillər və tər güllər qoyulub, xatirəsi ehtiramla anılıb.
Ədibin abidəsi önündə keçirilən tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb, onun zəngin ədəbi irsinin ədəbiyyatımıza dəyərli töhfə olduğunu söyləyib.
Rayon icra Hakimiyyəti başçısının müavini Təravət Muradova böyük şair Hüseyn Cavidin əsərlərinin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Hüseyn Cavidin nəşi uzaq Sibirdən doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.
Təravət Muradova ulu öndər Heydər Əliyevin böyük ədibin irsinə daim diqqət göstərdiyini, Hüseyn Cavidin Bakıda və Naxçıvanda ev muzeylərinin təşkil olunduğunu bildirib.
Böyük sənətkarın, Cavidlər ailəsinin irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyətini yüksək dəyərləndirən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli şairin əsərlərində tolerant düşüncənin geniş yer tutduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Hüseyn Cavid XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq idi.
Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qeyd edib ki, Cavidin əsərlərinə tükənməz maraq olduğu kimi, onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzanır.
Tədbir konsert proqramı ilə başa çatdı.