Ana südü ilə qidalandırma həftəsi ilə əlaqədar tədbir keçirilmişdir
2 saylı Baza Tibb Kollecində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycanda ana südü ilə qidalandırma həftəsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə müəllim heyəti və tələbələr iştirak ediblər. Maraqlı səhnələşdirimiş proqram ilə tələbələr ana südü və onun faydaları haqqında tədbir iştirakçılarına məlumat verdilər.
Tədbir zamanı çıxış edən müəllimlər ana südünün faydalarından danışıblar. Qeyd edilib ki, Səhiyyə Nazirliyinin və UNİCEF-in təşəbbüsü ilə hər il oktyabr ayının ilk həftəsi ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Bu münasibətlə Bakıda və regionlarda bir sıra tədbirlər keçirilir və onların əsas məqsədi ana südünün təbliği, bundan əlavə faydaları haqqında cəmiyyəti maarifləndirməkdir.
Tədbirdə uşaq xəstəlikləri fənn müəllimi R.Quliyeva çıxış edərək bildirib ki, ötən əsrin sonlarında ana südü ilə qidalanma minimal həddə çatmışdır. Bu səbəbdən ana südünün təbliği istiqamətində bir sıra tədbirlər keçirilməyə başlandı. Bu tədbirlərin əsas məqsədi cəmiyyətə ana südünün həm körpənin, həm də ananın sağlamlığına da çox faydalı olduğunu çatdırmaq və süni qidaların yayılmasının qarşısını almaq idi. Ölkəmizdə 1992-ci ildən bu günədək olan statistikaya nəzər salsaq ana südü ilə qidalanmanın iki dəfə artdığını görərik. Belə ki, 1992-ci ildə əgər uşaqların 25 faizi ana südü ilə qidalanırdısa, hazırda bu rəqəm 50 faiz və daha çox təşkil edir. Bu rəqəmin 100 faizə çatdırılması istiqamətində işlər aparılır. Ümumiyyətlə hər ana bilməlidir ki, körpəni altı ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır. Yeni doğulmuş körpəni həyatının ilk saatında ana südü ilə qidalandırmaq doğuşdan sonra döşdən ifraz edilən ağız südü (moloziva) körpənin sağlamlığı üçün çox faydalıdır.
Bildirildi ki, körpə həyatının ilk min günü ana südü ilə qidalanma ömrün sağlam keçməsinə zəmin yaradır. Belə ki, ana südü sağlamlığın əsas təminatıdır. Lakin cəmiyyət inkişaf etdikcə ana südü ilə qidalanmanın dünyada hər il azaldığı müşahidə edilir. Araşdırmalardan bunun bir neçə səbəbi olduğu müəyyənləşdirilib. Bəlli olub ki, insanlar ana südünün tam faydalarını bilmirlər. Digər səbəblər müasir həyat tərzi və süni qida reklamlarıdır. Bundan əlavə ana südünün yalnız körpəyə deyil, anaya da faydalarının cəmiyyətə çatdırılması çox vacibdir. Belə ki, digərlərinə nisbətən uşaq əmizdirən qadınlarda süd vəzi xərçənginin yaranma riski dəfələrlə aşağıdır.
Sonra ana südü ilə qidalandırma həftəsinə həsr edilmiş “Ana südü sağlamlığım, anam isə qəhrəmanımdır” mövzusunda videoçarx və 2 saylı Baza Tibb Kolleci tərəfindən hazırlanmış çarx nümayiş etdirilib, jurnalistlərin sualları cavablandırılıb.