Yasamal rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Yasamal rayonunda yerləşən “Kaktus” restoranında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin “Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir” kəlamı bu gün də xüsusi əhəmiyyət daşıyır. Hazırda Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirir, onun elm və təhsil haqqındakı tezis və kəlamlarını əsas tutaraq gələcək nəsillərin işıqlı və müasir tələblərə cavab verən məktəblərdə təhsil almaları üçün əlindən gələni edir.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.
Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, məktəblərin maddi-texniki təchizatının müasir tələblər səviyyəsində qurulması və təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırlması üçün çoxlu sayda dövlət proqramları, fərman və sərəncamların imzalanması ölkəmizin təhsil sisteminin inkişafı üçün mühüm töhfədir.
Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.
Tədbirdə T.Muradova onu da vurğulayıb ki, bu ilin sentyabr ayının 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva həmin mərasimdə iştirak ediblər. 20 nömrəli məktəb-lisey üçün yeni binanın inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Müəllimlərin maddi-rifah halının yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq tədbirlər görülür, onlar fəxri adlarla və müxtəlif dövlət mükafatları ilə təltif edilirlər.
Yasamal rayonunda təhsil sahəsində əldə edilən nailiyyətlər ilbəil artır. Bu il rayonun orta məktəblərini bitirən 1897 məzundan 1324-ü ali məktəblərə qəbul oldu. 600-dən yuxarı bal toplayanların sayı əvəllki illərə nisbətdə göstəricilər yüksələrək 154 nəfərdir. Onlardan 7 nəfəri ölkə başçısının imzaladığı sərəncama əsasən Prezident təqaüdünə layiq görüldülər. Rayon üzrə 31 məzun qızıl medala, 6 nəfər isə gümüş medala layiq görüldü. Ümumilikdə rayon üzrə təhsilin nəticəsi 70 % təşkil edir.
Təhsil sahəsində fərqlənən müəllimlər və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar fəxri fərmanlarla təltif ediliblər.
Tədbirin sonunda nümayiş etdirilən musiqili konsert proqramı təhsil işçilərinə ərməğan edilib.