Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Bilik günü təntənəli qeyd edildi

15 sentyabr 2017 | 11:00

Ümummilli lider Heydər Əliyev təhsili millətin gələcəyi adlandırır, Azərbaycanın gələcəyini gənclərdə görürdü. Bu gün cəmiyyətdə vətənpərvər, savadlı gənclərin yetişdirilməsində müəllimlərin üzərinə böyük vəzifə düşür. Təhsil hər bir dövlətin, cəmiyyət həyatının mühüm bir sahəsidir və cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ulu Öndər həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, "Mən müəllimdən yüksək ad tanımıram" söyləmişdir. Hazırda dövlət başçısı İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu elm və təhsil ənənələrini uğurla davam etdirir.

Yasamal rayonunda 15 sentyabr- Bilik günü təntənə ilə qeyd olundu. 2017-2018-ci yeni tədris ilinin başlanmasına həsr olunmuş mərasimlərdə Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak etdilər.

2017-2018-ci tədris ilində Yasamal rayonunda 3635 şagird birinci sinfə qəbul olunub. Onlardan 2159 nəfəri azərbaycan, 1476 nəfəri isə rus bölməsində təhsil alacaq.

Rayonda yerləşən 23 məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Qeyd edildi ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.

Məktəb direktorları çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.

2016/2017-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü verilməsi dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğının böyük təzahürüdür. Belə ki, həmin tələbələrdən 8-i məhz Yasamal məktəblərinin məzunlarının olmasını rayon üçün əlamətdar hadisələrdən hesab etmək olar. Qeyd etmək lazımdır ki, 2016/2017-ci tədris ilinin nəticələrinə əsasən 1897 Yasamal ümumtəhsil məktəb məzunlarından 1324 nəfəri tələbə adını qazanmış, onlardan 154 nəfər 600-dən yuxarı bal toplamışlar, 31nəfər qızıl medal, 6 nəfər isə gümüş medala layiq görülmüşdür, təhsilin keyfiyyəti 70%-dək yüksəlmişdir.

15 sentyabr-Bilik günü ilk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.

Əlamətdar gün ilə bağlı məktəblərdə keçirilən tədbirlərdə şagirdlərin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olundu.

Keçidlər