1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan dili günüdür.
2001-ci ilin avqustun 1-dən etibarən ölkədə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib.
Bu gün ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən qeyd edilir. Azərbaycan dili xalqın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən hesab olunur. Harada yaşama-sından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.
Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademi-yasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” və digər Sərəncamları ölkə başçısının dilə, mədəniyyətə, zəngin mənəvi dəyərlərə bəslədiyi böyük hörmət və ehtiramın bariz nümunəsidir.
Azərbaycan Əlifbası və Azərbaycan Dili günü ilə əlaqədar olaraq Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, eləcə də 1, 2, 3 saylı filiallarında oxucularla dəyirmi masalar və sərgilər təşkil edilmişdir. Oxucularla yanaşı sərgiyə ətraf bina sakinləri, eləcə də ziyalılar qatılmışlar.
Yasamal rayon MKS-nin 4 saylı filialı isə sərgi və söhbəti Yasamal rayonu 94 saylı uşaq bağçasında təşkil etmişdir. Söhbətdə iştirak edən kitabxana əməkdaşları Ana dili mövzusunda məruzə ilə çıxış edərək kiçikyaşlı oxuculara dilimizin şirinliyi və gözəlliyi haqqında məlumat verdilər, balacaları hədiyyələrlə mükafatlandırdılar. Daha sonra balacaların ifasında Ana dilimizə həsr olunmuş şerlər söylənildi. Tərbiyəçilər kiçikyaşlı oxucular arasında maarifləndirici görüşlər keçirdiyinə görə kitabxana əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.