Yasamal rayonunda çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salındılar
Azərbaycan xalqının qəhrəman övladı Mehdi Hüseynzadənin abidəsi önündə keçirilən yolasalma mərasimi dövlət himninin səsləndirilməsi ilə başladı.
İştirakçılar abidənin önünə əklil və gül dəstələri qoydular.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbirdə çıxış edərək hərbi xidmətə yola salınan 50 gəncə təbriklərini çatdırıb, dövlət müstəqilliyinin qorunmasında, gənclərin şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təminində Azərbaycan ordusunun müstəsna xidmətlərindən danışdı. Qeyd etdi ki, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində nizamlı, güclü və qüdrətli ordumuz var. O, gənclərə inamlı olmağı, Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzuladı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi, polkovnik Namiq Hüseynov Azərbaycanın güclü ordusu olduğunu, Vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək hərbi xidmətə gedən gənclərə uğurlar arzuladı.
Hərbi xidmətə yola salınan gənclərin valideynləri övladları ilə qürur duyduqlarını bildirib, çağırışçı gənclərə Vətənə layiqli əsgəri olmağı tövsiyə etdilər.
Gənclər çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.
Yola salınan gənclər Azərbaycan bayrağını öpərək Vətənə sədaqət andı içdilər.
Tədbirin sonunda konsert proqramı təşkil olundu.