Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Diabet Liqasının yeni ofisi açıldı.

30 iyun 2017 | 11:00

İyunun 30-da Yasamal rayonunda Azərbaycan Diabet Liqasının yeni ofisinin açılışı və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Diabetə yox deyək!” layihəsinin təqdimat mərasimi keçirildi.
Tədbirdə çıxış edən Diabet Liqasının və Respublika Endokrinoloji Mərkəzin sədri Yeganə Sultanova diabet xəstəliyi haqqında məlumat verdi. Qeyd etdi ki, hazırda dünyada 422 milyon diabet xəstəsi var və 2040-cı ildə onların sayı 642 milyona çata bilər. Azərbaycanda isə ötən il 212 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, diabetə tutulanların 47 faizi öz xəstəlikləri barədə xəbərsizdirlər. Dünyada 542 min uşaq birinci tip şəkərli diabetdən əziyyət çəkir.Mərkəzin sədri dünya ölkələrində həkim və tibb işçilərinin həmin qlobal problemin həlli yollarında apardıqları araşdırmalar və bu sahədə ölkəmizdə görülən tədbirlər barədə məlumat verdi. Sağlam qidalanma və fiziki fəallıq nəticəsində diabetə yoluxmamağın mümkünlüyünü bildirən təşkilatın sədri son illər şəkərli diabet xəstələrinin həyat keyfiyyətinin yüksəldilməsi uğrunda bir çox layihə və tədbirlərin həyata keçirildiyini qeyd etdi, “Diabetə yox deyək!” layihəsinin də onlardan biri olduğunu söylədi.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, son illər ölkəmizdə diabetin uğurlu müayinə və müalicəsi istiqamətində görülən tədbirlər nəticəsində xəstələrin xarici ölkələrə üz tutmasına ehtiyac qalmır. Azərbaycan Diabet Liqası əhalinin sağlamlığının mühafizəsində yaxından iştirak edir. Yeni ofisin paytaxtın Yasamal rayonu ərazisində açılması isə ümumən ölkəmiz üçün vacib və əhəmiyyətlidir.
Çıxışlardan sonra tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış oldular.
Tədbir konsert proqramı və diabetli uşaqların çəkdikləri rəsm əsərlərinin nümayişi ilə davam etdi.

Keçidlər