Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd edildi.

23 iyun 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə Yasamal rayon İcra Hakimiyyətində dəyirmi masa keçirildi. Tədbiri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev  açaraq dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə xeyli işlər görülmüşdür. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyul ayında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarı Eyvaz Bağırovu təbrik etdi və ona uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər  möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər və qeyd etdilər ki, mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.
Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Yasamal Rayon İcra Hakimiyyətinin baş mühasibi Aygün Qəribova Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olundu.

Keçidlər