Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin hesabat iclası keçirilib
Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin 2012-2017-ci illər ərzindəki fəaliyyəti haqqında hesabat iclası keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Hesabat iclasını giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova açıb və bildirib ki, Azərbaycan xalqının Ümumilli lideri, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun davam etdirilməsi nəticəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, paytaxtımız və regionlarımız tamamilə simasını dəyişmişdir.
Bu gün Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib. Ölkəmizdə əhalinin sosial-rifah halının yüksəlməsi, işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində məqsədyönlü işlər aparılır. Respublikamızın dinamik inkişafı digər sahələr kimi həmkarlar ittifaqları institutunun da inkişafına münbit şərait yaradır.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı (DİİX Hİ) Yasamal rayon Komitəsi yarandığı gündən bəri Yasamal rayon İcra Hakimiyyətinin uğurlu və davamlı fəaliyyətindəki təşkilati məsələlərdə yaxından iştirak etmiş, kütləvi baxışlar, müsabiqələr keçirmiş, vətəndaş cəmiyyətinin fəal iştirakçısına çevrilmişdir. T.Muradova çıxışında hesabat dövründə sözügedən komitə tərəfindən müxtəlif dövlət bayramları və üzvlərin yubiley tədbirlərinin keçirildiyini də vurğulayıb.
Sonra DİİX Hİ-nin Yasamal rayon Həmkarlar İttifaqı Komitəsinin sədri Sevda Hüseynli 2012-2017-ci illər ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Həmkarlar komitəsi üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində görülən işlərin Yasamal rayon Həmkarlar İttifaqı Komitəsi tərəfindən bundan sonra da uğurla davam edəcəyini bildirib.
Müzakirələrdən sonra konfrans iştirakçıları yekdilliklə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilatı məsələlərə baxılıb. Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin və Təftiş komissiyasının üzvləri seçilib. Sevda Hüseynli yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin sədri seçilib. Sonra Respublika Komitəsinin VI qurultayına iştirak edəcək nümayəndələr seçilib.